Hicran Hüseynova: "İnsanlar öz ailə üzvləri ilə virtual məkanda daha çox vaxt keçirirlər"


Digərləri 25 Dek 2018 11:27:00 734 0

Hicran Hüseynova: "İnsanlar öz ailə üzvləri ilə virtual məkanda daha çox vaxt keçirirlər"

Əfsuslar olsun ki, bu gün dünyada ailələrin sayının azaldığını müşahidə edirik. Bir çox ölkələrdə isə ailə anlayışı sosial institut kimi öz əhəmiyyətini itirmək üzrədir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova cari ilin yekunlarına həsr olunan kollegiya iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünyada son 53 ildə boşanmaların sayı 2 dəfə artıb, nikahların sayı da bir o qədər azalıb: "Biz bu gün ətrafda nə görürük? Ekstremizm, zorakılıq, hərbi münaqişələr, iqtisadi böhranlar, sosial ədalətsizlik bəşəriyyətin gələcəyinə təhlükə yaradır. Nəticədə ailələr dağılır, milli-mənəvi dəyərlər deformasiyaya məruz qalır. Lakin bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsizlik, dostluq, mehribançılıq, tolerantlıq şəraitində yaşayırlar. Artıq dünyanın bütün ölkə və xalqları Azərbaycanın ailə və mədəni tolerantlıq modelini qəbul edir. Bu gün ölkədə ailə institutunun möhkəmləndirilməsi üçün hansı imkanlar var? İlk növbədə qeyd etmək lazımdır ki, güclü qanunvericilik bazası mövcuddur. Yeni tələblər və ehtiyaclar əsasında bu baza daim təkmilləşir. Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. İldən-ilə ailələrimizin sosial müdafiəsi güclənir, müxtəlif layihələr reallaşdırılır".

H.Hüseynova əlavə edib ki, bunun nəticəsində son 20 il ərzində əhalimizin sayı artaraq doqquz milyon doqquz yüz mini ötüb.

Komitə sədri bildirib ki, bu gün Azərbaycanda 2 milyon yüz mindən çox ailə var. Yüzlərlə ömrünün 25, 50, 60 və daha çox müddətini bir yerdə yaşayan uzunömürlü ailələrimiz var: "Lakin qeyd etməliyəm ki, bir çox problemlər hələ də öz aktuallığını saxlamaqdadır. Biz araşdırırıq ki, ailələrdə hansı risklər var? Bu neqativ tendensiyaları aradan qaldırmaq üçün nə edə bilərik?"

H.Hüseynova qeyd edib ki, ilk növbədə ailədə valideyn məsuliyyətinin artırılması ən önəmli məsələlərdən biridir.