Cənubi Koreya "BMW"ni cərimələyib


Dünya 24 Dek 2018 23:51:00 435 0

Cənubi Koreya "BMW"ni cərimələyib

Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi bir neçə avtomobilin mühərrikində baş vermiş yanğın faktı ilə əlaqədar həmin seriyadan olan nəqliyyat vasitələrinin geri çağırılma prosesini gecikdirdiyi və yanğına səbəb olan qüsurlu detallar barədə əvvəlcədən məlumatlı olmasını gizlətdiyi üçün "BMW"ni 11,2 milyard von (9,93 milyon ABŞ dolları) məbləğində cərimələyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ilin əvvəlində 40-a yaxın "BMW" avtomobilinin mühərrikində baş verən yanğından sonra mülki mütəxəssislərdən və dövlət qurumlarının əməkdaşlarından ibarət qrupun araşdırması nəticəsində həmin avtomobillərin qaz dövriyyəsi sistemindəki soyuducu maye çatışmazlığı və klapanların qüsurlu olması müəyyənləşdirilib. Bundan sonra istehsalçı şirkətin qarşısında həmin seriyadan olan təxminən 100 min avtomobili geri çağırmaq və qüsurlu hissələri dəyişmək tələbi qoyulmuşdu. Bundan başqa, məsələ ilə əlaqədar prokurorluğa müraciət edilmişdi.

Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi qeyd olunan qüsurları 2015-ci ildən bilən "BMW" şirkətinin rəhbərliyini tənqid etmişdi.

Cari ilin oktyabrında "BMW" konserni müvafiq qüsurları araşdırmaq üçün xüsusi qrup yaratmaqla bərabər, həmin qüsurları Koreya tərəfinin dediyi kimi 2015-ci ildən deyil, yanğın halları baş verəndən sonra öyrəndiyini iddia edib.