Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbinin təmirdən sonra açılışı olub (FOTO)


Digərləri 24 Dek 2018 10:11:00 298 0

Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbinin təmirdən sonra açılışı olub (FOTO)

Cari ilin 11 ayı ərzində məktəbdə təmir işləri aparılıb, bütün inventar və avadanlığı yenilənib.

Bakı. Bakı şəhərinin mərkəzində yerləşən Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbi paytaxtın ən uğurlu musiqi ocaqlarındandır. Məktəbin uğuru hər zaman yetirmələrinin fəaliyyəti, burada dərs deyən müəllimlərin zəhməti ilə ölçülüb. Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin xəti ilə bu təhsil ocağının təmiri həyata keçirilib. Trend-in məlumatına görə, bu sözləri mədəniyyət naziri Əbülfəs Qarayev dekabrın 22-də sözügedən məktəbin təmirdən sonrakı açılış mərasimində deyib. Nazir vurğulayıb ki, 1931-ci ildən fəaliyyətə başlayan məktəb, 1956-cı ildən etibarən fəaliyyətini Səbail rayonunun ərazisində davam etdirir. Məktəb 21 sinif otağı, zal, kitabxana, qəbul otağı və direktor otağından ibarətdir. Cari ilin 11 ayı ərzində məktəbdə təmir işləri aparılıb, bütün inventar və avadanlığı yenilənib. Məktəbdə 13 ixtisas üzrə 350 yaxın şagird təhsil alır. 70 müəllimin işlədiyi məktəbdə ümumilikdə altı şöbə fəaliyyət göstərir. Bu gündən etibarən R.Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbi müəllim və şagirdlərini yenidən qəbul etməyə hazırdır. “Biz məktəbin təmirdən sonrakı açılışı ilə, həm də böyük mədəniyyət xadimi, görkəmli müğənni Rəşid Behbudovun adını ucaltmağa çalışmışıq. Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, böyük sənətkarın yubileyi silsilə tədbirlərlə yad edildi. Rəşid Behbudovun adını daşıyan bu küçə ilə insanlar hərəkət edərkən, həm onun adını daşıyan məktəbin önündən, həm də onun vaxtilə çalışdığı və hazırda adını daşıyan teatrın qarşısından keçirilər. Bunu yeni bir mədəniyyət marşrutu kimi də adlandırmaq olar. Məktəbin yenidən təmir edilməsi dövlət başçısının tapşırığına əsasən həyata keçirilib. Fürsətdən istifadə edib, iki gün sonra doğum gününü qeyd edəcək dövlət başçımıza bütün musiqi ictimaiyyəti adından təbriklərimi çatdırıram, cansağlığı, ailəsinə xoşbəxtlik, əmin-amanlıq diləyirəm”, - deyə Əbülfəs Qarayev söyləyib.