Bakıda Yeni il tətili günlərində hara getməli?


Digərləri 22 Dek 2018 21:11:00 597 0

Bakıda Yeni il tətili günlərində hara getməli?

Yeni ilin gəlişinə cəmi bir neçə gün qalıb. Növbəti həftədən etibarən yeni il şənlikləri və bayram tədbirlərinə start verəcək teatr və əyləncə məkanları artıq öz repertuarlarını açıqlayıblar.

Son.az virtualaz.org-a istinadən bildirir ki, istər böyüklər, istərsə də uşaqlar üçün nəzərdə tutulmuş yeni il proqramları hər il olduğu kimi bu il də rəngarəngdir. Əksər teatrlar bayram günlərində məhsuldar işləyəcəklər.

Gənc Tamaşaçılar Teatrında dekabr ayının 28-dən etibarən gələn il yanvarın 6-dək Hans Xristian Andersenin "Qar kraliçası" əsəri səhnələşdiriləcək. Elşad Rəhimzadənin səhnələşdirib quruluş verdiyi nağıl-tamaşa hər gün 3 və ya 4 seans olmaqla (saat 12.00, 14.00, 16.00, 18.00) təqdim edəcək. Yeniyetmələrin çox sevdiyi triller janrının elementlərindən istifadə edilmiş tamaşa təkcə məktəbəqədər və kiçikyaşlı məktəblilər üçün deyil, həm də 11-14 yaşlı teatrsevərlər üçün maraqlı olacaq.

Akademik Milli Dram Teatrında dekabrın 29-dan etibarən isə uşaqlar üçün yeni il şənlikləri keçiriləcək. Teatrdan verilən məlumata görə, şənliklərin yanvarın 6-dək davam etməsi nəzərdə tutulub. Teatr ənənəvi olaraq builki Yeni il şənliyində yeni tamaşa ilə balacaların görüşünə gəlir. Səkkiz gün ərzində (27, 28, 29, 31 dekabr və 1, 2, 5, 6 yanvar) hər gün dörd seans (saat 11.00, 13.00, 15.00 və 17.00) olmaqla "Ninza tısbağalar və kapitan Cekin macəraları" göstəriləcək. Tamaşada Şaxba baba və Qar qız da iştirak edir.

Opera və Balet Teatrında isə dekabr ayının 26-da balacaların çox sevdiyi "Şelkunçik" baleti axşam seansında, ayın 30-da isə gündüz (saat 14.00) göstəriləcək. Bundan başqa, yanvarın 5-də teatr P.Çaykovski və A.Martonun daha bir məşhur nağıl əsasında yazdıqları baleti - "Düyməcik" tamaşasını təqdim edəcək.

Azərbaycan Musiqili Teatrında isə dekabrın 28-dən etibarən uşaqlar üçün yeni il şənliklərinə start verilir. Teatrı bu il balaca tamaşaçılarını "Cırtdanın Yeni il sərgüzəştləri" ilə tanış edəcək. Teatrın bayram tamaşaları dekabrın 28-də başlayıb yanvarın 6-dək hər gün dörd seans (saat 10.30, 12.30, 14.30 və 16.30) davam edəcək.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında isə dekabrın 26-dan 31-dək "Qış nağılı" tamaşası nümayiş olunacaq. Teatrdan verilən məlumata görə, balaca tamaşaçıların Yeni il tətilini şən və yaddaqalan etmək üçün teatrın kollektivi maraqlı repertuar hazırlayıb. Uşaqların sevimli "Maşa və Ayı" cizgi filminin motivləri əsasında "Maşa və Ayının qış nağılı" adlı tamaşa təqdim olunacaq.

Musiqi tərtibatlı tamaşada əsas ideya dostlara qayğı, təbiətə sevgi, səmimiyyət və fədakarlıqdır. Tamaşada hadisələr yeni il günlərində, bayramın əsas atributları olan Şaxta Baba və Qar Qız ətrafında cərəyan edir. Tamaşa dekabrın 26-dan yanvarın 6-dək hər gün 4 seans olmaqla (12, 14, 16, 18:00) nümayiş olunacaq.

Kukla Teatrının nəzdindəki "Oyuq" teatr-studiyası isə "Şaxta babaya məktub" xeyriyyə aksiyası təşkil edir. Dekabrın 25-də paytaxtdakı uşaq evi və internat məktəblərində yaşayan 50-60 uşağın Şaxta babaya ünvanladığı məktubdakı istəyi gerçəyə çevriləcək. İstək məktubundakı oyuncaqdan geyimədək bütün əşyalar Şaxta baba tərəfindən onlara hədiyyə ediləcək. Həmin gün teatrda "Oyuq"çular "İki meşənin nağılı" tamaşasını kiçik yaşından hər cür çətinliklə üzləşən yaşıdları üçün oynayacaqlar.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdindəki Bakı Uşaq Teatrı yanvarın 2-3-də "Şaxta babanın toyu" adlı qeyri-adi tamaşa ilə çıxış etməyi planlaşdırır.