Qocalığın qarşısını alan dərman tapılacaqmı?


Digərləri 22 Dek 2018 17:44:00 569 0

Qocalığın qarşısını alan dərman tapılacaqmı?

Molekulyar bioloq Meng Wang bir Texas səhərində öz laboratoriyasına yollananda orada onu nələrin gözlədiyini bimirdi. Burada müxtəlif qutularda minlərlə qurd qaynaşırdı.

O hər bir qutunun içinə diqqətlə baxanda birdən ağlına qəribə bir ideya gəldi: Bu ideya bəşəriyyət ən ağrılı bir probleminin - qocalığın qarşısını ala bilərdi.

Qocalıqla bağlı olan xərçəng, revmatizm və Altsaymer kimi xəstəliklər hər gün bütün dünyada 100 min insanın həyatına son qoyur. Amma getdikcə daha çox alim inanır ki, bu, belə olmamalıdır.

Son.az xəbər verir ki, BBC Dünya Xidmətinin The Inquiry rubrikası dünyanın aparıcı alimlərinə qocalmanın təbiəti və onu mikrobiomlardan tutmuş 3D printerlərinədək ən müxtəlif vasitələrlə sağalda biləcək ən müasir elm barədə suallar verib.

Cağbacağ dişlər

Qocalma nədir? Əgər gözləriniz orqanizmi molekulyar ölçüdə görə bilsəydi siz hüceyrələr, toxuma və orqanlar boyunca onlara dəymiş kiçik zədələrin necə yayılmasını da görə bilərdiniz. Sonunda bu kiçik zədələr yığılaraq bütün orqanizmin iztirabına səbəb olur.

"Elə ki, biz zədələri təmir etmək iqtidarında olmuruq, onda qocalıq başlanır" - deyir danimarkalı alim Kaare Christensen.

Christensen uzun illər həkim işlədikdən sonra qərara gəlib ki, xəstə adamları müalicə etdiyi daha bəsdir.

İndi o Danimarka Qocalma Tədqiqatları Mərkəzinə rəhbərlik edir. Bu mərkəz ilk növbədə adamları xəstəliklərdən necə qorumağı araşdırır.

O deyir ki, bu istiqamətdə inkişaf var.

Bildirir ki, 1800-cü illərdə dünyanın əksər yerlərində ömür uzunluğu 40 il civarında idi.

İndi isə Şimali Avropada bu rəqəm 80 yaşdır və başqa ölkələr də geri qalmamağa başlayıb.

Bu ilk növbədə körpə və uşaq ölümlərinin azalması ilə bağlıdır. Yəni insan ömrünün uzunluğu öz-özünə artmayıb.

Alim deyir ki, dəyişən təkcə ömür uzunluğu deyil. İndi adamlar qoca yaşlarına daha sağlam vəziyyətdə çatırlar.

"Ən gözə çarpanı dişlərdir. Görürük ki, yaşlı adamların dişləri indi xeyli yaxşılaşıb və ya daha yaxşı qalıb" - deyir alim.

Dişlər bir növ ümumi sağlamlığın barometridir. Onların vəziyyəti bizim normalı yemək və sağlam qidalanmaq qabiliyyətimizi birbaşa təsirləndirir. Dişlərin vəziyyəti həm də başqa orqanların vəziyyətinin göstəricisidir.

Christensen deyir ki, adamlar ahıl yaşlarına təkcə sağlam dişlərlə çatmırlar, onların IQ testi nəticələri də yüksək olur. Alim bunu dünya boyunca həyat səviyyəsinin yaxşılaşmasında görür.

"Söhbət daha yaxşı həyat şəraitinin tam paketindən gedir...Yaxşı təhsildən, gördüyün işdən çox şey asılıdır" - deyir alim.

O inanır ki, tərəqqi davam edəcək. Amma nə qədər?

Ən uzun ömür üzrə dünya rekordu fransız qadın Jeanne Louise Calment-ə məxsusdur. O 122 il yaşaya bilib. Maraqlıdır ki, o, 1997-ci ildə, 20 il bundan əvvəl vəfat edib. O vaxtdan bəri o qədər dəyişikliklər olub ki...

Orqanların printerdə çap olunması

Biofizik Tuhin Bhowmick əsli Hindistanın Banqalor şəhərindən olan həkim sülaləsindəndir.

Bhowmick atasının və əmilərinin şam masası arxasında söhbətlərini yaxşı xatırlayır. Hər dəfə onlardan soruşanda ki, niyə ölümün dərmanını tapa bilmirlər, yaşlı həkim deyərmiş: "Təbabətin də hüdudları var".

"Mən də onda deyərdim ki, okey, mən daha həkim olmaq istəmirəm, dərman düzəldən olacağam" - deyə Bhowmick yada salır.

Alim deyir ki, qocalıq yaşında ölüm əsasən həyati orqanların - ürək, ağ ciyərlər və qaraciyərin sıradan çıxması nəticəsində baş verir.

Deməli belə insanlara yeni orqan köçürülsə, onlar ölməz. Amma bu asan çıxış yolu deyil.

Problem burasındadır ki, hazırda orqanlara ehtiyacı olanların sayı donorların sayından xeyli çoxdur.

Çox vaxt insanlar yeni orqanı gözlədikləri vaxt vəfat edirlər.

Bhowmick isə düşünür ki, donoru gözləməkdənsə orqanın özünü yaratmaq olar.

O düşünür ki, 3D printerində insan orqanizminin rədd etməyəcəyi orqanı dəqiqliklə çap etmək mümkün ola bilər.

"Deyək ki, siz orqan gözləyirsiniz, əlinizdə ultrasəs cihazının çıxardığı rəsmlər var.

Bu rəsmlərdə sizin orqanınızın forma və ölçüləri görünür. Bunun əsasında printerdə orqanın dəqiq surətini çıxarmaq mümkündür" - deyir alim.

Bhowmick bunun üçün printerdə adi mürəkkəb yox, zülal və hüceyrələrdən yaradılmış xüsusi məhluldan istifadə edilə biləcəyini deyir.

Bu zülallar və hüceyrələr pasientin özündən alındığına görə onun orqanizmi printerdən çıxmış süni orqanı rədd etməyəcək.

Onun komandası artıq Hindistanın ilk qaraciyər toxumasını yaradıb.

Qarşıda qaraciyərin miniatür maketinin yaradılması məqsədi durur. Alimin fikrincə buna növbəti beş ildə nail olmaq mümkündür.

Belə süni qaraciyər pasientə özünün qara ciyəri ola-ola "qoşula" bilər.

Alimin fikrincə qarşıdan gələn on ildə artıq tam funksiyalı qaraciyərin yaradılması və transplantasiyası mümkün olacaq.

Amma əgər qocalıqla əlaqədar insanın orqanları nasazlayırsa, bu o deməkdirmi ki, onlar həyatlarının sonuna yaxınlaşırlar. Yaxud onların ürəyi və ağ ciyərləri də sıradan çıxırsa, onda necə olsun?

Bhowmick inanır ki, hər bir hala ayrılıqda baxılmalıdır.

"Əgər siz pasientin ölümünə əsas səbəb ola bilcəcək orqanı dəyişsəniz, o bəlkə də daha 20 il yaşaya bilər, çünki ola bilsin, onun beyni və ürəyi qaraciyəri qədər nasaz deyil" - deyir alim.

Yaxşı bəs insanın nə qədər yaşaya biləcəyi barədə nə deyir Bhowmick?

Onun fikrincə 2000-ci illərdə və ya ondan az əvvəl, məsələn 1981-ci ildən sonra doğulanlar 135 yaşı haqlaya bilərlər.

Qurd müdrikliyi

Meng Wang-ın nənəsi 100 yaşında vəfat edib. O, ömrünün sonunadək fəal və sağlam idi.

Onun qocaldıqca belə sağlam qalmasının sirri Wang-ı düşündürürdü.


Xəbərə aid fotolar