Hüseyn Cavidin özbək dilində nəşr olunmuş seçilmiş əsərləri təqdim edilib (FOTO)


Digərləri 22 Dek 2018 12:44:36 649 0

Hüseyn Cavidin özbək dilində nəşr olunmuş seçilmiş əsərləri təqdim edilib (FOTO)

Azərbaycan Dillər Universitetində dahi Azərbaycan şairi Hüseyn Cavidin seçilmiş əsərlərinin özbək dilində nəşrinin təqdimat mərasimi keçirilib.

Bakı. Azərbaycan Dillər Universitetində (ADU) dahi Azərbaycan şairi Hüseyn Cavidin seçilmiş əsərlərinin özbək dilində nəşrinin təqdimat mərasimi keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, tədbirdə giriş sözü ilə çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla bildirdi ki, filologiya üzrə fəlsəfə doktoru, "Kaspi” Təhsil Mərkəzinin rəhbəri, "Kaspi” qəzetinin təsisçisi Sona Vəliyevanın, eləcə də digər Azərbaycan ziyalılarının təşəbbüsü ilə Özbəkistanda görkəmli şair Hüseyn Cavidin əsərləri təbliğ olunur: "Bu təbliğ gözəl bir əsər şəklində işıq üzü görüb. Bizim özbək qonaqlarımız nəşr edilən kitab şəklində Hüseyn Cavid dünyasına müraciət ediblər. Azərbaycan üçün Hüseyn Cavid müqəddəs şəxsdir. O təkcə şair deyil, əzabkeş insan kimi hər bir azərbaycanlının qəlbində bu gün də yaşayır. Eyni zamanda ulu öndər Heydər Əliyevin qarşısında baş əyirik ki, Hüseyn Cavidin nəşini Azərbaycana qaytardı və o, doğma Naxçıvanda torpağa tapşırıldı. Bu, ümumiyyətlə görünməmiş hadisə idi. Bunun üçün Heydər Əliyev şəxsiyyətinə çox böyük borcumuz var. Cavidin nəşini Naxçıvana apararkən ulu öndərin orada söylədiyi nitq onun həm Azərbaycan mədəniyyətinə, həm də Hüseyn Cavid sənətinə verdiyi böyük qiymət idi. Bu gün Hüseyn Cavidin yaşaması Azərbaycan ziyalılarının, ədəbiyyatsevərlərinin, hər bir ailənin sanki mənəvi bir borcu kimidir. Çünki bu nakam insan öz ailəsindən, yaxınlarından, vətənindən uzaqlaşdırılmışdı və bir tənha insan Sibirdə nə edə bilərdi? O dəhşətli bir zamanda insan bəlkə də özünə ölüm arzulayardı. Cavid bizim qəlbimizdə son dərəcə gözəl duyğulu bir şair kimi yaşayır. Bu hüsnü-xuda şairi, Allaha yaxın olmaq ehtirası Cavidi sanki o dövrdə amansız sosializm-realizm tərəfdarlarının ağır və cəzalı təqiblərinə məruz qoydu və bu böyük şair yerdə yaşaya bilmədiyinə görə göylərdə də yaşamaq haqqından məhrum edildi. Amma Cavid yenə də göylərdədir, səmalardadır və bu gün də pərvaz edir. Bu pərvazın ən gözəl nümunəsindən birini nəfis şəkildə tərtib olunan bu kitabda görürük”. K.Abdulla qeyd etdi ki, bu kitabın timsalında özbək mütəxəssislərinin Hüseyn Cavidə olan münasibəti öz əksini tapıb: "Onu qeyd etmək istərdim ki, Sona Vəliyevanın fəaliyyəti bununla bitmir və o, Cavidi başqa dillərdə, mədəniyyətlərdə təbliğ etməkdən yorulmur, usanmır. Biz yəqin ki, Hüseyn Cavidin gələcək nəşrlərinin səsini başqa ölkələrdən eşidəcəyik. Çox sevinirik ki, Cavidi özbək oxucusu da qəbul edəcək, oxuyacaq və ona öz şairi kimi münasibət bəsləyəcək. Çünki Hüseyn Cavid faktiki olaraq bütün türk dünyasının şairi idi. O elə bir dildə yazırdı ki, həmin dili o zaman bütün türk xalqları başa düşürdü. Sərhədlərin ayrılmasından öncəki Cavid dili bütün türkləri birləşdirən bir dil idi. Cavid nə istəyirdi? O bütün insanların xoşbəxtliyini, insanların məhəbbətini istəyirdi. Bu baxımdan bizim nakam şairimizə verilən qiymətə görə hər kəsə minnətdarıq”. Filologiya üzrə fəlsəfə doktoru S.Vəliyeva bildirdi ki, Hüseyn Cavidin özbək dilində seçilmiş əsərlərinin ilk təqdimatı Özbəkistanda Nizami adına Universitetdə keçirilib: "Onu qeyd edim ki, Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov orada böyük bir tərcümə mərkəzi yaradıb. Azərbaycan ədəbiyyatını özbək dilinə, özbək korifeylərini isə Azərbaycan dilinə tərcümə etmək sahəsində onun çox böyük zəhməti var. Bu haradasa sovet dövründə sınmış olan ədəbi körpülərimizin bərpası deməkdir. Biz ruh, qan, dil, düşüncə birliyi olan xalqlarıq və müxtəlif zamanlarda bunu bizdən almağa çalışıblar. Azərbaycan və Özbəkistan müstəqillik qazanandan sonra bu əlaqələrin bərpası yolunda əziyyət çəkən insanlar olub və buna görə onlara minnətdarıq. İdeyamı dəstəklədiyi üçün isə Samir Abbasova xüsusi təşəkkür edirəm. Bu, Cavidin Özbəkistana ilk gedişi deyil. Səhv etmirəmsə, 1921-ci ildə Cavidin əsəri bu ölkədə tamaşaya qoyulub və böyük şöhrət qazanıb. Həm Azərbaycanda, həm də Özbəkistanda bu tamaşadakı kiçik türkçülük ideyasına görə həmin dövrün rəhbərləri onu repertuardan çıxarıblar. Cavid İblisi həm mifoloji, həm də klassik obraz olaraq müharibə törədicisi kimi yaratmışdı və eləcə də müasir dövrdə türkçülüyün inkişafına əngəl olan iblisləri bu obraz vasitəsilə ortaya qoyurdu. Cavid təpədən dırnağa qədər türkçü idi və ideyası uğrunda şəhid olduğu üçün bütün türkdilli ölkələr arasında təbliğ etmək onun mənəvi övladı olaraq hər birimizin borcudur”.