Azərbaycan tələbələrinin II qurultayı keçirilir FOTO


Digərləri 21 Dek 2018 12:06:07 642 0

Azərbaycan tələbələrinin II qurultayı keçirilir  FOTO

Bu gün Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı keçirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, qurultayda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, baş nazirin müavini Əli Əhmədov, təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, millət vəkilləri, ali məktəb rektorları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak ediblər.

Mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın qurultay iştirakçılarına təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Baş nazirin müavini Əli Əhmədov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Ə.Əhmədov gənclərin və tələbələrin Azərbaycan əhalisinin əhəmiyyətli qismini təşkil etdiyini, onların ölkənin siyasi, iqtisadi, sosial həyatında mühüm rol oynadıqlarını qeyd edib və qurultayın işinə uğurlar arzulayıb.

Təhsil naziri Ceyhun Bayramov ölkədə həyata keçirilən təhsil və gənclər siyasəti barədə ətraflı məlumat verərək tələbə-gənclərin dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Nazir "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbul edilməsindən ötən 5 il ərzində ali təhsil sisteminin təkmilləşdirildiyini, universitetlərin kadr potensialı və maddi-texniki bazasının gücləndirildiyini, ali təhsilin əlçatanlığı istiqamətində mühüm addımlar atıldığını qeyd edib.