Orxan Məmmədov: "BPnin təchizat zəncirində Azərbaycanın kiçik və orta biznes sektorunun iştirakının genişlənməsində maraqlıyıq"


Digərləri 20 Dek 2018 11:50:00 642 0

Orxan Məmmədov: "BPnin təchizat zəncirində Azərbaycanın kiçik və orta biznes sektorunun iştirakının genişlənməsində maraqlıyıq"

BP-nin təchizat zəncirində Azərbaycanın kiçik və orta biznes (KOB) sektorunun iştirakının genişlənməsində maraqlıyıq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov BP ilə təşkil olunan tədbirdə çıxışı zamanı deyib.

O.Məmmədov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının dayanıqlı və davamlı inkişafı məqsədilə hazırkı dövrün çagırışları əsasında ardıcıl və sistemli tədbirlər həyata keçirilməkdədir. Ölkə iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın, xüsusilə kiçik və orta biznes sektorunun inkişafı həmişə bu siyasətin mərkəzində yer alıb. Dövlət başçısının təşəbbüsü ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bu sahədə idarəetmənin müasir tələblər səviyyəsində təşkili zərurəti ilə şərtlənib:

"Yaranmasından qısa müddət ötməsinə baxmayaraq, Agentlik dövlət başçısının mühüm tapşırıqlarının icrası istiqamətində önəmli tədbirlər həyata keçirib, bir sıra strateji layihələrin icrasına başlayıb. Bu layihələrin icrası yeni idarəetmə modellərinin tətbiqi ilə müşayiət edilməkdədir. Kiçik və orta biznesə xidmətlərin və icazələrin vahid məkan prinsipi əsasında təşkilini nəzərdə tutan KOB Evlərinin təşkili, fəaliyyətimizin sahibkar ehtiyacları əsasında qurulmasında və dövlət-sahibkar dialoqunun inkişafında əhəmiyyətli rol oynayacaq KOB Dostları şəbəkəsinin yaradılması, sahibkarlığa dəstək istiqamətində yeni təşkilati modellərin tətbiqi, yeni dövrün tələblərinə uyğun konsaltinq və təlim sisteminin qurulması əsas strateji layihələrimizdəndir.

Fəaliyyətimizin sahibkarlar, onların ictimai birlikləri, aidiyyəti dövlət qurumları ilə səmərəli əməkdaşlıq platformaları əsasında qurulmasına xüsusi önəm veririk. Bu baxımdan ölkə iqtisadiyyatında xüsusi yeri və rolu olan BP-ni strateji tərəfdaşımız olaraq görürük. Heç kimə sirr deyil ki, fəaliyyət göstərdiyi müddət ərzində ölkəmizdə davamlı inkişaf təşəbbüslərini dəstəkləyən, bu sahənin inkişafı üzrə dövlət siyasəti ilə uzlaşan önəmli və uğurlu layihələrin icrası ilə BP KOB sektorunun inkişafına əhəmiyyətli töhfə verib. Xüsusi olaraq, BP şirkətinin dəstəyi ilə həyata keçirilən Sahibkarlığın İnkişafı Proqramını vurgulamaq istərdim".