“Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi imzalanıb (FOTO)


Digərləri 19 Dek 2018 20:25:00 847 0

“Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi imzalanıb (FOTO)

Layihə çərçivəsində 500 nəfər əlilliyi olan şəxsin özünüməşğulluğuna dəstək göstəriləcək

Bakı. Azərbaycan Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” texniki yardım layihəsinin imzalanması mərasimi keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Sahil Babayev ölkədə sosial müdafiə sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsinin, həssas qrupların əmək bazarına inteqrasiyasının dəstəklənməsinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritetlərindən biri olduğunu vurğulayıb. Nazir bu istiqamətə aparılan işlərdə, həyata keçirilən islahatlarda BMT-nin İnkişaf Proqramı ilə səmərəli əməkdaşlığın formalaşdığını qeyd edib. S.Babayev ötən dövrdə birgə icra olunan layihələrin əhəmiyyətini, belə layihələrdən biri olan “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” layihəsinin müddətinin daha bir il uzadıldığını diqqətə çatdırıb. O, həmin layihənin SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) üzrə Bakıda və ölkənin ayrı-ayrı bölgələrində təşkil olunan təlim mərkəzləri vasitəsilə gənclərə müasir iş axtarışı bacarıqlarının öyrədilməsinə, qısa müddətdə onların işlə təmin edilmələrinə dəstək verdiyini deyib. S.Babayev “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsinin isə həmin həssas qruplardan olan işsiz şəxslərin potensialını artırmaq və onların formal əmək bazarında səmərəli məşğulluğu üçün imkanlar yaratmaq məqsədinə xidmət etdiyini vurğulayıb.