101 yaşlı cərrah:


Digərləri 19 Dek 2018 19:34:00 627 0

101 yaşlı cərrah:

Xalqımız tarixən həkimlik sənətinə hörmət bəsləyib, həkimləri isə müqəddəs bir şəxs kimi tanıyıb. Hətta bəzi bölgələrdə həkimləri "el atası" da adlandırıblar. Təbii ki, söhbət sənətini yaxşı bilən, xalqın sağlamlığı keşiyində ləyaqətlə dayanan həkimlərdən gedir.

Xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir. Həkimlik sənətinin özünəməxsus bir sıra qanun-qaydaları var. Həkim öz davranışı, şəxsiyyəti, təfəkkürü, dünyagörüşü və insanlarla münasibəti ilə başqalarından fərqlənməli, özünə inam yaratmağı bacarmalıdır. Bütün bunlar həkimlik etikasının əsasını təşkil edir.

İnsanda inam hissi olmasa, həkimin müalicəsinə şübhə yarana bilər. Həkimə inam hissi olmadıqda, onun həyata keçirdiyi bütün müalicə tədbirləri səmərəsiz olur. Əslində, inam həkimlik sənətində ən dəyərli, faydalı vasitə hesab olunur.

Bütün bu sadalanan müsbət keyfiyyətlər bugünkü müsahibim, respublikanın ikinci dərəcəli peşəkar cərrahı, travmatoloq, "Əməkdar həkim" fəxri adına layiq görülən Həsənağa Əliyevdə öz əksini tapır.

Son.az oxu.az-a istinadən Azərbaycanın 101 yaşlı ən qocaman həkim-cərrahı, travmatoloq Həsənağa Əliyevlə müsahibəni təqdim edir:

- Yaxşı olar ki, söhbətə elə tanışlıqdan başlayaq. Həsənağa müəllim bir az sizi tanıyaq.

- 1918-ci il may ayının 5-də Neftçala rayonunda ziyalı ailəsində anadan olmuşam. 1936-cı ildə orta məktəbi rayonumuzda bitirib, 1939-cu ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuşam.

1947-ci ildə universiteti bitirdikdən sonra Neftçala xəstəxanasında həkim kimi fəaliyyət göstərmişəm. Daha sonra Salyanda, eləcə də, Bakıda bir çox xəstəxanalarda həkim-cərrah kimi işləmişəm.101 yaşım var, ömrümü insanların sağlamlığına həsr etmişəm.

- Niyə həkim olmağı seçdiniz?

- İnsanlara yardım etməyi sevirdim. Bir insana ən yaxşı yardım etməyin yolu isə onun sağlamlığının keşiyində dayanmaqdır.

- Müəllimləriniz kim olub?

- Azərbaycanda müasir tibb təhsilinin və elminin banilərindən olan ilk azərbaycanlı alim-cərrah Mirəsədulla Mirqasımov, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri Mustafa Topçubaşov kimi insanlar mənim müəllimlərim olub. M.Topçubaşovun oğlu mənim qrup yoldaşım idi. Çoxunun adını unutmuşam, yaddaşım çox zəifləyib.

- Bildiyimiz qədərilə, Səhiyyə Nazirliyində şöbə müdiri kimi çalışmısınız.

- Bəli, çalışmışam. Respublikanın ikinci dərəcəli Əməkdar cərrahıyam. Yaşımdan çox cərrahi əməliyyatlar keçirmişəm. Fəaliyyətim illərində xəstələrə maksimum dərəcədə xidmət göstərməyə çalışmışam. Yeddi dəfə Moskvada ali dərəcəli həkimlərlə təlimlərdə olmuşam. Həm travmatoloq kimi çalışmışam, həm bir çox bölgələrdə baş həkim kimi fəaliyyət göstərmişəm.


Xəbərə aid fotolar