Şəhid vərəsələrinə 11 min manat ödəmələrin verilməsi davam edir


Digərləri 19 Dek 2018 17:12:00 647 0

Şəhid vərəsələrinə 11 min manat ödəmələrin verilməsi davam edir

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanına əsasən qeyd olunan şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi prosesi davam edir.

Son.az-ın məlumatına görə, daha 304 vərəsəyə birdəfəlik ödəmə verilib.

Dövlət başçısının növbəti mühüm humanist təşəbbüsü kimi şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Vətənin müdafiəsi uğrunda şəhid olmuş qəhrəman Azərbaycan övladlarının ailə üzvlərinin rifahının yaxşılaşdırılması, sosial ədalətin təminatı istiqamətində daha bir əhəmiyyətli addım kimi ümumən ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

Fərmanın icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Komissiya yaradılıb. Birdəfəlik ödəmənin verilməsi prosesinin tam şəffaf, qanunauyğun və vətəndaş məmnunluğuna səbəb ola bilən səviyyədə təşkil olunması, ödəmənin alınması üçün vərəsələrdən sənədlərin "bir pəncərə" əsasında və sadə prosedurla qəbulunu və s. nəzərdə tutan Qaydalar hazırlanaraq təsdiq edilib. Qaydalara görə, ödənişi həyata keçirəcək orqanla bu ödəməni alacaq vətəndaş arasında təmas sıfıra endirilir ki, bu da prosesin şəffaflığı üçün vacib məqamdır.

Siyahılara əsasən vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ olan şəhid hərbi qulluqçuların sayı 9531 nəfərdir.