Dünyada necə yaşamalı?


Digərləri 18 Dek 2018 23:10:00 782 0

Dünyada necə yaşamalı?

Bismilləhir-Rahmənir-Rahim!

Allaha həmd olsun ki, bizlərə öz halımız, durumuz haqqında düşünə bilməyi inayət edib. Allaha şükürlər olsun ki, bu qədər nemətləri ixtiyarımızda qoyub. Ən böyük nemət də düşünmə, fikirləşmə, anlama nemətidir. Allahdan istəyirik ki, bu nemətlərin qədrini bilək və aqibətlərimiz üçün faydalı olsun.

İnsanın kimliyi barədə suallar arasında ən vacib sual

İnsan bu dünya həyatında nə etməli olduğunu anlamaq üçün, ilk öncə öz kimliyini müəyyən etməlidir. Öz kimliyini müəyyən etmədən, "nə etməli"lərdən danışmağın heç bir mənası yoxdur. Təəssüflər olsun ki, bu gün bəşəriyyətin problemi yanlış "nə etməli"lər dalınca getməkdədir.

Əvvəlcə kim olduğunu müəyyən etməli olan insan, praktiki həyatında əsas etibarilə "nə etməli"lərlə məşğuldur. İstər sağ düşüncə tərzi, istər sol düşüncə tərzi "nə etməli"lərlə məşğul olur. Amma gəlib çıxdıqda ki, insan kimdir ki, bunun nə etməlisi nə olsun - bununla bağlı boşluq var. Deyə bilərik ki, bir neçə əsrdir ki, bəşəriyyət bu mövzuda çox ciddi bir boşluğa yol verir. Bu gün dünyanın mənəvi böhranının, insani böhranının əsas səbəblərindən biri bundadır.

İslamın bizə öyrətdiyi ən əsas mövzulardan biri - bizə öz kimliyimizi tanıtmaqdır. Kimliyimizi tanıtmaq üç müstəvi üzərindədir.

Birincisi - bizim başlanğıcımızdır. Bir haradan gəlmişik? Az-çox möminlər, iman əhli tövhidlə, Yaradanla tanış olur, Allahı tanımaqları ilə bu mövzuda bir yerlərə gəlib çata bilir.

Bir sual da budur ki, biz hara gedirik? Hara gedəcəyimizlə bağlı, Məadla bağlı da inanclı insanların müəyyən qədər bilgiləri var.

Amma təəssüflər olsun ki, harada olduğumuzla bağlı bir durğunluq var.Bizlər o sual üzərində az düşünürük, az danışırıq. Nə etməli mövzusunda da bu sualın çox yeri var. Biz haradayıq? Yəni, bu dünya haradır? Rəbbimiz bizi yaradıb, bir gün də ölüb gedəcəyik. Bəs bura nədir, buranın statusu nədir, bura nə üçündür?

Dünya: mədh edilən, yoxsa məzəmmət edilən?

Biz əxlaqi silsilə bəhslərimizdə gəlib buna çatdıq ki, insanın imanının diri qalmasına mane olan mövzulardan biri - dünyapərəstlikdir. İnsanın imanının diri qalmasına dünyaya vurğunluq, qəlbi dünyaya bağlamaq çox ciddi əks təsir göstərir. Bu, necə baş verir? Biz dünyanı bəzən düz tanımayanda bu, baş verir. Biz dünyanı lazımi kimi tanımasaq, dəyərləndirməsək, imkanlarını, zatını, xüsusiyyətlərini bilməsək - buradan yapışırıq. Çünki, üzdə olan budur.

Maraqlıdır ki, Allah Təala müxtəlif adlarla, müxtəlif sifətlərlə dünyanı bizə tanıtdırıb. Bir tərəfdən bizim dualarımız var ki, biz Allah Təaladan dünyada bəzi şeylər istəyirik. Bir tərəfdən görürük ki, dualarımızda dünya ilə bağlı, dünyanı istəməklə bağlı danlama var.

Quranın dünyanı məzəmmət edən ayələri olduğu kimi, mədh edən ayələri də vardır ki, düşünən dəstələr ondan istədikləri nəticəni ala bilərlər.

"De: "Allahın Öz bəndələri üçün yaratdığı zinətləri və pak ruziləri kim haram etmişdir?!" De: "Onlar (həmin zinət və pak ruzilər) dünya həyatında iman gətirən kəslər üçündür (hərçənd ki, kafirlər də onlarla şərikdirlər), Qiyamət günü isə yalnız onlara (möminlərə) məxsus olacaqdır". Biz Öz ayələrimizi bilən dəstə üçün beləcə ətraflı bəyan edirik". ("Əraf" 32).

"Kim dünya mükafatını istəsə, (bilsin ki,) dünya və axirət mükafatı Allahın yanındadır (və Allah insanın niyyətinə görə ona verər). Allah həmişə eşidən və görəndir". ("Nisa" 134).

"Onlar üçün dünya həyatında və axirətdə müjdə vardır (dünyada peyğəmbərlərin dili və qeybdən edilən ilhamlarla, ölüm zamanı mələklərlə və axirətdə Allahın xitabı, mələklərlə görüş və həqiqətlərin aşkar olması ilə). Allahın kəlamlarında (Onun vədlərində) heç bir dəyişkənlik yoxdur. Budur böyük uğur və qurtuluş!". ("Yunus" 64).

"Və Allahın sənə vermiş olduğundan axirət evini qazan, dünyadakı (ömür və maldan olan) nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də (başqalarına) yaxşılıq et və yer üzündə fəsad dalınca düşmə. Çünki Allah fəsad törədənləri sevməz". ("Qəsəs" 77).

Bu ayələrdən bəlli olur ki, dünya, ondan düzgün faydalanmağı bacaranlar üçündür. Aqil insanlar üçündür. Aqil insan dünyanı ötəri bilər və onun nemətlərindən düzgün faydalanar, ən əsası - axirəti üçün azuqə toplamağı da unutmaz.

İmam Səccad (ə) buyurur: "Dünya - axirət bazarıdır və nəfs - tacirdir. Gecə və gündüz - sərmayə, mənfəət - behişt, ziyan isə cəhənnəmdir".

İndi isə dünyaya bağlı olanları məzəmmət edən ayələrə diqqət edək.

"O kəslərə ki, dünya həyatını sevir və onu axirətdən üstün tuturlar, (insanları) Allahın yolundan saxlayır və onun əyriliyini istəyirlər (onun qanunlarını əyri kimi təqdim edir və camaatı ondan azdırırlar). Onlar uzun-uzadı bir azğınlıq içərisindədirlər". ("İbrahim" 3).

"Bu (qəzəb) onların dünya həyatını axirətdən üstün tutmalarına görədir. Həmçinin ona görə ki, Allah kafirlərin dəstəsini (bütün dəlil-sübutlar təqdim edildikdən sonra) hidayət etmir". ("Nəhl" 107).

"Onlar bu dünya həyatını axirətin bahasına almış kəslərdir. Odur ki, (axirətdə) onların əzabı əsla yüngülləşməyəcək və onlara (heç bir) kömək də olunmayacaqdır". ("Bəqərə" 86).

Qurani-Kərim dünyapərəstliyin aqibətini belə çatdırır

Rəbbimiz Qurani-Kərimin "İsra" surəsinin 18-ci ayəsində bizə dünya ilə bağlı və dünyapərəstlik, dünyaya vurğunluqla bağlı xüsusi bilgilər təqdim edir. Ayədə buyurulur: "Kim yalnız bu ötəri nağdı (dünyanı) istəsə, Biz dünyada istədiyimiz şeyi istədiyimiz şəxsə verməkdə tələsər, sonra onun üçün cəhənnəmi müəyyənləşdirərik ki, orada məzəmmət olunmuş və qovulmuş halda yanar".

Biz ötən bəhslərimizdə qeyd etdik ki, insanın həyatı iki hissədən ibarətdir: yaxın və növbəti həyat. Yaxın həyata - dünya həyatı, növbəti həyata isə - axirət həyatı deyilir. Yaxın həyatının, dünya həyatının adlarından birini Qurani-Kərim "acilə həyat" kimi təqdim edir. "Acilə" sözü bizim istifadə etdiyimiz "əcələ" sözü ilə eyni kökdəndir.

Hər kəs dünyadan bəhrələnməlidir, qidalanmalıdır, nəfəs almalıdır, yaşamalıdır və s. Ayədən belə başa düşülür ki, burada davamlı olaraq, fasiləsiz, yalnız dünya həyatını istəyən, dünyaya aşiq olan, dünyapərəst insandan söhbət gedir. Kimin nə istəməsinə bağlı deyil, Allahın Öz hesab-kitabı var, hər bəndənin, hər varlığın öz tutumu, öz faydalılığı, özünə aid lazımlı məsələləri var. Hər kəsin etdikləri üçün bir nəticə nəzərdə tutulub.

Rəbbimiz ayədə bizləri xəbərdar edir ki, hər kəs fasiləsiz, davamlı olaraq, yalnız tez keçən dünyanı istəsə, bilməlidir ki, bu dünyada istədiyi kəsə Rəbbimiz yalnız istədiyi qədər verir. Bu, Allah Təalanın özünün iradəsinə, hikmətinə bağlı olan məsələdir. İnsanın nə qədər istəyib-istəmədiyindən asılı olmayaraq, bu dünyadan yalnız Rəbbimizin nəzərdə tutduğu qədər alacaq.