Bu il sahibkarlara 145 milyon manat güzəştli kredit verilib (FOTO)


Digərləri 18 Dek 2018 15:47:00 664 0

Bu il sahibkarlara 145 milyon manat güzəştli kredit verilib (FOTO)

Xaçmazda bağçılığa dair sərgi-konfrans keçirilib

Bakı. Dekabrın 18-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Xaçmazda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində bağçılıq sahəsində qabaqcıl təcrübənin və bu sahənin inkişafına göstərilən dövlət dəstəyi mexanizmlərinin sahibkarlara çatdırılması, eləcə də istehsal, emal, saxlanma və logistika üzrə dəyər zəncirinin yaradılması məsələlərinə həsr olunmuş regional sərgi-konfrans keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, konfransı giriş sözü ilə açan İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkədə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılmasının, sahibkarlığın inkişafının Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd edilib ki, ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir, qanunvericilik bazası təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir, vergi yükü azaldılır. Reallaşdırılmış sistemli dövlət dəstəyi tədbirləri nəticəsində qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin sayı 900 mini ötüb, ÜDM-də özəl sektorun payı 80%-i, məşğulluqda isə 75%-i keçib. Sahib Məmmədov dövlət başçısının müvafiq Fərmanı ilə sahibkarların kredit resurslarına çıxış imkanlarının daha da genişləndirilməsi məqsədilə yaradılmış Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti barədə danışaraq, Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları və Fondun vəsaitlərindən istifadə etmək istəyən sahibkarlar arasında əməkdaşlığın səmərəliliyinin daha da artırılması istiqamətində konkret tədbirlərin görüldüyünü, bu istiqamətdə operativlik, sahibkar məmnunluğunun təmin olunması və eləcə də sahibkarların maarifləndirilməsi istiqamətində tədbirlərin davam etdiriləcəyini diqqətə çatdırıb. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının müavini Bəxtiyar Osmanov regionların inkişafına dair dövlət proqramlarının uğurlu icrası nəticəsində bütün bölgələrdə olduğu kimi, Xaçmazda da infrastruktur təminatının yaxşılaşdığını, yeni istehsal və xidmət müəssisələrinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini vurğulayıb. Bildirilib ki, Xaçmaz rayonunun təbii-iqlim şəraiti meyvə-tərəvəz istehsalının artırılmasına, əhalinin müxtəlif çeşidli, yüksək keyfiyyətli meyvə-tərəvəzə, emal müəssisələrinin isə xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun icraçı direktoru vəzifəsinin icraçısı Arif Vəliməmmədov məlumat verib ki, indiyədək investisiya layihələrinin ümumi dəyəri 5 milyard manatdan çox olan 36 minədək sahibkara 2,2 milyard manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 164 minədək yeni iş yerinin açılması imkanı yaradılıb. Bu ilin ötən dövründə sahibkarlıq subyektlərinə 145 milyon manat güzəştli kredit verilib. Bağçılığın inkişafına dövlət dəstəyi tədbirləri çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 6584 ha sahədə 25 bağçılıq və tingçilik təsərrüfatına 45,5 milyon manat güzəştli kredit verilib. Bundan əlavə, İqtisadiyyat Nazirliyi tərəfindən intensiv bağçılığın inkişafı ilə bağlı ümumi dəyəri 160,5 milyon manat olan 26 layihəyə investisiya təşviqi sənədi təqdim olunub. Son illər İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən müasir texnologiyalara əsaslanan, illik emal gücü 120,8 min ton olan 14 meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması məqsədilə 57,7 milyon manat və illik istehsal gücü 2,6 min ton quru meyvə olan 6 quru meyvə istehsalı müəssisəsinə 6,6 milyon manat güzəştli kredit verilib.