NyuCersi ABŞda vəhşi heyvanlarla sirk tamaşalarının qadağan edildiyi ilk ştat olub


Digərləri 17 Dek 2018 23:58:00 342 0

NyuCersi ABŞda vəhşi heyvanlarla sirk tamaşalarının qadağan edildiyi ilk ştat olub

Nyu-Cersi ştatında vəhşi heyvanlarla sirk tamaşalarını qadağan qanun qəbul olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni qanun layihəsi ştatın qanunverici məclisinə 2018-ci ilin yanvar ayında təqdim olunub. Bu sənəd məclisin aşağı palatasında cəmi iki səs əleyhinə olmaqla səs çoxluğu ilə, sonra isə yuxarı palatada yekdilliklə qəbul edilib.

Ştatın əvvəlki qubernatoru Kris Kristi əvvəlcə qanun layihəsini imzalayacağını vəd edib, lakin bu vəzifədən getməzdən əvvəl lap son məqamda həmin sənədi imzalamaqdan imtina edib. Nəticədə qanun layihəsi ştatın yeni qubernatoru Fil Merfi tərəfindən imzalanıb.

Qanun layihəsi artrit xəstəliyindən əziyyət çəkən "Nousi" ləqəbli 36 yaşlı Afrika filinin şərəfinə "Nousi qanunu" adlandırılıb. Yeni qanun layihəsinə əsasən, sirk tamaşalarında vəhşi heyvanlardan istifadə edilməsi qadağan olunur. Səyyar sirkin əvvəlki sahibinin Nousi ilə qəddar davranması barədə məlumat mətbuata sızandan sonra ştatın hakimiyyət orqanları müvafiq tədbirlər görüblər. 2017-ci ildə məhkəmə Nousi adlı fili səyyar sirkin əvvəlki sahibinin əlindən alınması və həmin şəxsin həbs edilməsi barədə qərar çıxarıb. O vaxtdan Nousi heyvanlar üçün sığınacaqda yaşayır.