Uşaqlarda nitq qüsurları


Digərləri 17 Dek 2018 23:15:00 588 0

Uşaqlarda nitq qüsurları

Müasir dövrdə ən çox rast gəlinən problemlərdən biri uşaqlarda nitqin vaxtında inkişaf etməməsidir. Valideynlər övladlarının danışmamasından, yaxud danışarkən nitqin qüsurları olmasından şikayət edirlər. Ötən əsrin 70-ci illərində həmin problem yalnız dörd faiz uşaqda müşahidə edilirdisə, hazırda bu rəqəm altı dəfə artıb.

Son.az bildirir ki, uşaq psixoloqu Kamal Camalov AZƏRTAC-a verdiyi müsahibədə deyib: "Nitq qüsurlarının səbəbləri arasında süjetsiz cizgi filmlərində olan işıq effektləri və hərəkət dinamikası ön sırada dayanır. Başqa səbəblərə doğuş travmaları, ata-ana arasında olan qan qohumluğu, sosial fon, evdə valideynlərin müxtəlif dildə danışmasını aid etmək olar.

Nitq qüsurlu insanların əksəriyyətində özünəinam hissi zəif olur. Adətən bu problemə uşaq yaşlarında daha çox təsadüf edilir. Uşaqlarda onun bir neçə formasına rast gəlmək mümkündür".

Nitq qüsurunun formalarını sadalayaraq psixoloq deyib: "Bu problem bir neçə hissəyə bölünür. Allaliya-baş beynin hər hansı bir hissəsinin inkişafdan qalması və yaxud patologiyası səbəbindən nitqin olmamasıdır. Dizartriya-mərkəzi sinir sistemində güclü zədələnmələr nəticəsində baş verir və uşaqlarda tənəffüs zamanı sözün bir hissəsi tamamilə itir. Bəzi dizartriyaları dislaliliyalarla qarışdırırlar, lakin dizartriyalarda sözün bir hissəsi itir, dislaliyalarda isə hərf dəyişdirilir. Nitq patologiyasının səbəblərindən biri də dislaliyadır ki, bu zaman sözlərdə hərfin ifadəsi dəyişir. Rinolaliya- burun-udlaqda adenoidlər və ya burun çəpərində yaranan əyrilik nəticəsində sait səslər ağızdan yox, burundan ifadə olunur. Buna tın-tın danışmaq da deyirlər. Loqonevroz, yəni kəkələmə söz axınının, səs tembrinin və yaxud heca ritminin pozulmasıdır. Bu forma getdikcə ağırlaşmağa meyilli olur. Nitq problemlərinin patogenetik səbəbləri də müxtəlif olur: uşaqla valideyn arasında əlaqənin olmaması, yaxud zəif olması, beyin qabığının ləng inkişafı və somatik xəstəliklər".