Kişi müəllimlərin sayı niyə azdır?


Digərləri 16 Dek 2018 23:48:00 242 0

Kişi müəllimlərin sayı niyə azdır?

Ekspertlər əsas səbəb kimi əməkhaqqının aşağı olmasını göstərirlər 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Müasir dövrdə peşələr arasında gender bərabərsizliyi daha da dərinləşməkdədir. Məsələn, bank sektorunda çalışan qadınların sayı kişilərlə nisbətdə xeyli azdır. Təhsil sahəsində isə vəziyyət bir qədər fərqlidir. Son illər ərzində pedaqoji sahəyə meyllənən kişilərin sayı xeyli azalıb. Bəs görəsən bunun əsas səbəbi nədir? Problemi necə həll etmək olar?

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyir ki, son illər ərzində təhsil sahəsində kişi müəllimlərin sayı xeyli azalıb: "Bununla bağlı müxtəlif işlər görülür. Görülən işlər artıq yavaş-yavaş öz nəticəsini verməkdədir. Müəllimlərin işə qəbulu obyektivlik və şəffaflıq əsasında aparılır. Məzunlar artıq yavaş-yavaş pedaqoji sahəyə cəlb olunur. Əvvəlki illərə nisbətən son 3-4 il ərzində bu sahədə aktivlik müşahidə olunur. Amma ümumilikdə məktəbdə kişi müəllimlərin sayı xeyli azdır. Elə məktəblər var ki, 150 nəfərlik kollektivdə cəmi 3 nəfər kişi müəllim çalışır. Təəssüf ki, belə məktəblərin sayı çoxdur. Orta məktəblərdə dərs deyən müəllimlərin böyük əksəriyyəti qadınlardır. Bunun səbəbləri isə müxtəlifdir. Əsas məsələ əmək haqlarının az olmasıdır. Müəllimlərin aldığı əmək haqqı ilə ailə dolandırmaq çox çətin məsələdir. Kişi müəllimlərin əksəriyyəti fərqli sahələrdə çalışırlar. Belə nümunələrin sayı həddən artıq çoxdur. Kişi müəllimlər taksi sürücüsü, fəhlə və xidmət sektorlarına meyllənirlər. Bu isə öz növbəsində təlim-tərbiyə məsələsinə ciddi şəkildə təsir göstərir. Kişilərin nüfuzu və təsir gücü qadınlara nisbətən daha çoxdur. Heç kim bunu inkar edə bilməz. Kişi müəllimlərin sayının az olması təlim-tərbiyə məsələsində uşaqların psixologiyasına da ciddi təsir göstərir. Uşaqların və gənclərin şəxsiyyət kimi formalaşmasında kişi müəllimlərin rolu danılmazdır. Sevindirici haldır ki, bu tendensiya artıq dəyişməyə doğru gedir. Məzunlarımızın qazandıqları nəticədən asılı olaraq təhsil sahəsinə meyllənməsinin şahidi oluruq".