Sendviç yeyib dünyanı gəzən qız Səyyah FOTO


Digərləri 16 Dek 2018 23:21:00 419 0

Sendviç yeyib dünyanı gəzən qız  Səyyah  FOTO

Jalə Ələkbərova: "Səyahətlər mənə, özündən başqa heç kimə güvənməməyi öyrətdi" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Səyahət etməyi sevir və edir də. Əslində, səyahət etməyə maraq göstərən adam çoxdur, amma maliyyə məsələsinə görə bu istəklərini reallaşdıra bilmirlər. Amma o, az maliyyə ilə də səyahət etməyin mümkün olduğunu deyir, çünki bunu edir. Və öz təcrübəsini həm də sosial şəbəkələr, saytı vasitəsilə insanlarla bölüşür. Müsahibimiz gənc xanım səyyah Jalə Ələkbərovadır.

- Əslində, söhbətə ucuz səyahətlərə necə nail olmağınızla başlamaq istəyirdim, amma səhifənizin adı diqqətimi çəkdiyi üçün birinci ondan başlayaq. Niyə "Uzaq sahillərdə"?

- Çünki bu ideya məndə uzaq sahillərdə olanda yaranıb. Həmin vaxt Bolqarıstanda yaşayırdım. Çox səyahət edirdim və bu müddətdə həm də axtarışlarım olurdu. Çünki hər hansı ölkəyə getməmişdən əvvəl "Necə gedəcəm", "Haralara gedəcəm" və s. sualları ətrafında böyük araşdırma aparırdım. Bütün araşdırmanı rus və ingilis dilində edirdim. Axtarış etmişdim, amma səyahətlərlə bağlı müxtəlif məlumatlar olan baza tapmamışdım. Düşünürdüm ki, azərbaycan dilində insanlar bu cür məlumatları necə əldə edə bilərlər? Dedim ki, niyə də mən bunu yaratmayım? Əslində, həmişə bloq yazmaq arzusunda olmuşam, amma nədən yazacağımla bağlı qərar verə bilmirdim. Hər şeydən bir az yazmaq da istəmirdim. Fikirləşdim ki, həm gəzirəm, bu məlumatları bilirəm, həm də paylaşmağı bacarıram. Və bunu etmək qərarına gəldim. Sonra hansı ad altında bunu edəcəyim qalırdı. "Tık-tık xanım səyahətdə", "Sənin səyahət dostun" və s. çoxlu adlar səsləndirildi, amma sonda" Uzaq sahillərdə"ni seçdim. Çünki hər dəfə bir uzaq sahildən insanları salamlayıram.

- Uzaq sahillərə getməyə maraq nə vaxtdan yaranıb?

- Həmişə marağım olub, amma əvvəllər valideynlərim bununla bağlı mənə dəstək olmurdular. Təxminən 18 yaşımı tamamladığım vaxtlarda. Sonra gördülər ki, mümkün deyil. Valideynlərim adekvat düşüncəlidirlər. Məsələn, görsələr ki, hansısa proqramın qalibi olmuşam, onların heç bir xərci filan da çıxmayacaq və bu zaman mənim qarşımda maneə kimi də durmurlar. Mən valideynimə desəm ki, 1000 manat ver, gedim gəzim. Bunu verməyə bilər, onun öhdəliyi də deyil. Onlar mənə xaricdə təhsil almağa icazə vermirdilər, amma xəbərləri olmadan təqaüd proqramı uddum, 1000 avro təqaüd alırdım. Biləndə ki qalib olmuşam, valideynlərimə zəng vurub dedim ki, Bolqarıstana təhsil almağa gedirəm, onlar da bunu normal qarşıladılar.

- İlk səfəriniz təhsillə bağlı oldu?

- Yox, mənim o vaxta qədər də səfərlərim olmuşdu. İlk dəfə Gürcüstana, çalışdığım təşkilatın layihəsi ilə bağlı getmişdim. Ümumiyyətlə, gərək övladlar valideynlərinə özlərini təsdiqləsinlər. Valideyn bilsin ki, övladı boş işlə məşğul deyil. Valideynlərim görürdü ki, təşkilatda çalışıram, layihələrlə bağlı səfərlərə gedirəm. İndiyə qədər 21 ölkədə olmuşam, bir çoxu proqramlar, layihələr, tədbirlər vasitəsilə olub. Pulumu yığıb səyahət edirəm.

- Az maliyyə ilə səyahət də budur? Yəni pul olmasa da olar, bacarmaq lazımdır...

- Əlbəttə. "Uzaq sahillərdə"ni yaratmağımın səbəblərindən biri də odur ki, bildiyim yolları insanlara izah edim. Doğrudan da səyahət etmək ucuz başa gələ bilir. Müxtəlif proqramlar vasitəsilə bunu etmək mümkündür. Bu proqramlarla (Erasmus+, EVS və s.) bağlı "İnstaqram" (@jala.alakbarova), "Facebook" səhifələrimdə ətraflı danışıram, izah edirəm ki, məlumatlı olsunlar.

- Maraqlıdır, hər kəs bu proqramlar vasitəsilə səyahət edə bilər?

- Əgər ingilis dili biliyi, istək, bacarıq varsa, olar. Proqramla gedəndə bu səfərlərə sırf gəzmək məqsədli də baxmaq olmaz, çünki layihədə Azərbaycanı təmsil etməyi istəmək lazımdır. Eyni zamanda, qatıldığınız tədbirin mövzusu sizin üçün maraqlı olmalıdır. Məsələn, gənclərin sosial aktivliyə cəlb olunması, insan alveri və s. mövzularda ola bilər. Əgər könüllülüyü mənasız iş hesab edirsinizsə, gənclərin sosial aktivliyi layihəsində iştirak edib nə danışacaqsınız? Layihənin mövzusuna maraq varsa, istəyirlərsə, layihə yazmaq qabiliyyətləri də varsa, seçilib rahatlıqla gedə bilərlər.

- Həmişə müraciət edəndə seçilirsiniz?

- Xeyir. Məsələn, bu yay iki layihəyə müraciət etmişdim. Biri Litvada idi, o biri Slovakiyada. Litvaya seçilmədim, amma Slovakiyaya qəbul aldım. 4 günlük layihə idi, 10 günə yaxın qaldım.

- Layihələrlə bağlı gedəndə vaxtı uzatmaq olur?

- Layihə vaxtı gəzməyə vaxt ayırmaq çətin olur. Məsələn, "Erasmus" proqramı ilə gedirsinizsə, o zaman imkan yaradırlar ki, layihədən 3 gün əvvəl gedəsiniz, yaxud sonra 3 gün artıq qalasınız. Çünki layihə boyu çox məşğul oluruq, hər gün 9-dan 6-ya qədər treninqlər, axşamlar hər hansı məşğuliyyətlər olur. Həftənin bir günü boş olursan. Ondan başqa heç nə olmur. Ən yaxşısı, bir neçə gün artıq qalıb, o günləri dəyərləndirməkdir.


Xəbərə aid fotolar