Xoşbəxtlik insanın içində olmalıdır


Digərləri 15 Dek 2018 19:07:00 263 0

Xoşbəxtlik insanın içində olmalıdır

Həyat marafon yarışına bənzəyir. İnsan doğulduğu andan öləcəyi günə qədər daim hərəkətdədir.

Kimisi uğur qazanmaq, yer tutmaq üçün dayanmadan çalışır, kimisə özünü həyatın axışına buraxır və ya başqasının gözəl həyatına baxıb köks ötürür. Ətrafında olan, arzuladığı və ondan çox-çox uzaqda olan həyatlar bəzilərinə daha da irəli getmək üçün stimul versə də, bir çoxlarına xəstəlikdən başqa bir şey vermir. İnsanların həyata qarşı narazılıqları onların səhhətinə də ciddi təsir göstərir. Tibb Universitetinin həkim-qastroenteroloqu Habil Hüseynov "Zaman-Azərbaycan"a müsahibəsində bildirdi ki, insanlarda tez-tez yorğunluq, halsızlıq, ruh düşkünlüyü kimi hallar müşahidə olunur: "Bu gün insanların yaşadıqları psixoloji gərginlik onların səhhətində də ciddi problemlərə yol açır. Belə halları daha çox insanların sosial həyatı, ailədaxili problemləri ilə əlaqələndiririk. Məsələn, insanların çoxunun bankda krediti var, amma televiziyalarda zəngin həyat nümunələri göstərilir. Başqalarının rahat yaşayışını görən insan öz halından şikayətlənməyə başlayır və nəticədə hər şeyə pessimist yanaşır. Bu da beyində ifraz olunan "serotonin" (xoşbəxtlik) hormonunun miqdarının azalma ilə nəticələnir ki, insanlarda depressiv halların yaşanmasına, pis yuxular görməyə gətirib çıxarır. Müraciət edən bir çox xəstələrdə müayinə zamanı problemin psixoloji haldan qaynaqlandığını müşahidə edirik. Bunları korreksiya etdikdən sonra xəstə tamamilə sağlam olur".

Son.az zaman.az-a istinadən bildirir ki, mövzu ilə əlaqədar Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov insanların düşüncəsinin onların həyatında mühüm rol oynadığını bildirdi: "Biz yaxşı olarıqsa, cəmiyyət də yaxşı olacaq. İnsan həyatı qəbul etdiyi ölçüdə yaşayır. Problem, çətinlik hər kəs üçün var. Dünyada problemsiz insan, demək olar ki, yoxdur. Həyatın qaydası belədir. Mövcud vəziyyəti dəyişə bilmiriksə, ona baxışımızı, yanaşmamızı dəyişə bilərik. Xoşbəxt olmaq üçün çox şey lazım deyil, onun üçün uzağa da getməyə gərək yoxdur. Xoşbəxtlik insanın içində olmalıdır".

Kimisi uğur qazanmaq, yer tutmaq üçün dayanmadan çalışır, kimisi özünü həyatın axışına buraxır. Bu cür insanlar həyatda məqsədsiz olur, özlərinə layiq bildikləri yerdə deyil, başqalarının onlara uyğun gördükləri yerdə olurlar. Ən yaxşı halda isə heç bir cəhd göstərmədən olduqları yerdən şikayətlənirlər. Əlbəttə, şikayətlənmək həyatımızın əsas prioritetlərindəndir. Hər an, hər vəziyyətdə və baş verən hər şeydən şikayətlənmək, bizim xasiyyətlərimizdən biridir.

Yayın istisindən şikayətlənib, qışın tez gəlməsini arzulayırıq. Qışda isə soyuqdan, yağan yağışın, qarın həyat şəraitini pozmasından narazı oluruq. Biz bununla da kifayətlənmirik. Həyatda haqqımızın başqası tərəfindən tapdalandığını düşünürük. Bəlkə də, az deyil ətrafınızda dost xəyanətinə uğradığını deyən, müəllimi tərəfindən qiyməti kəsilən, sevdikləri tərəfindən tərk edilənlər... Şikayətçiyik biz; hər kəsdən, hər şeydən. Evdə uşaqların səs-küyündən və ya həyat yoldaşımızdan. Qabağımıza qoyulan yeməyin çox isti, çayın soyuq olmasından şikayətçiyik. İşdə müdirdən, çox işləyib az qazanmaqdan şikayətçiyik. Və bütün bunlardan sonra "biz nə üçün uğur qazana bilmirik?" deyə şikayətlənirik. Cavab tapmaq o qədər də çətin deyil əslində, səbəb, bəlkə də, bütün vaxtımızı şikayətlənməyə sərf etməyimizdir.