Təbii doğuş, yoxsa qeysəriyyə? Mənfi və müsbət tərəflər


Digərləri 14 Dek 2018 23:42:00 671 0

Təbii doğuş, yoxsa qeysəriyyə?  Mənfi və müsbət tərəflər

Dünyada il ərzində orta hesabla 140 milyon körpə doğulur. Onların çox hissəsi təbii doğuşla dünyaya gəlir. Ancaq son 15 ildə qeysəriyyə ilə doğulan körpələrin sayı 12%-dən 21%-dək artıb.  

Son.az medicina.az-a istinadən bildirir ki, qeysəriyəyə göstəriş çoxdöllük, dölün ölçülərinin böyük olması, ciftin qopması, çanağın kiçik olması zamanı verilir. Həmçinin doğuş ləngidiyi zaman da təxirəsalınmaz qeysəriyyə əməliyyatı təyin oluna bilər. Bundan əlavə, körpənin həyatı təhlükədə olarsa: oksigen aclığı, qeyri-stabil ürək döyünməsi təyin olunduqda da qeysəriyyə icra edilir. 

Çox qadın düşünür ki, təbii doğuş ağrılı və təhlükəli bir prosesdir. Buna görə də qadınların çoxu qeysəriyyə əməliyyatına üstünlük verir. 

Düzdür, doğuş prosesi ağır və ağrılıdır, amma əgər bütün proses təbii yolla davam edərsə, o zaman ana və körpənin ölüm riski aşağı olur. 

Ekspertlər əmindirlər ki, qeysəriyyə əməliyyatından sonra qadının səhhətində bir sıra problemlərin meydana çıxması riski daha yüksəkdir: "Qeysəriyyə zamanı qanaxma ola bilər ki, bu da ananın həyatı üçün təhlükləlidir. Əməliyyatdan sonra bədəndə qalan çapıq izləri isə yalnız plastik əməliyyatla aradan qaldırıla bilər". 

Bundan əlavə, qeysəriyyə yolu ilə uşaq dünyaya gətirməyin bir sıra mənfi tərəfləri də var:

•Təbii doğuşdan fərqli olaraq qeysəriyyə zamanı fəsad yaranma riski 12 dəfə yüksəkdir. 

•Narkoz ananın orqanizminə olduğu kimi körpəyə də mənfi təsir göstərir. Ümumi anesteziya zamanı ürək dayanması, ağciyər iltihabı, sinir toxumalarının zədələnməsi kimi problemlər yarana bilər. Spinal anesteziya zamanı isə çox zaman iynənin yerinin iltihabı və onurğa problemləri meydana gəlir.

•Sağalma prosesi uzun çəkir.

•Anemiyaya səbəb olacaq qan itkisi yaşanır.

•Əməliyyatdan sonra təyin edilən yataq rejimi ananın yenidoğulan körpəyə qulluq etməsində çətinliklər yaradır.