Toksokaroz qurdları nəm torpaqda daha yaxşı inkişaf edir


Digərləri 14 Dek 2018 22:02:00 296 0

Toksokaroz qurdları nəm torpaqda daha yaxşı inkişaf edir

Toksokaroz uzun müddət residivləşən və poliorqan zədələnməsi ilə xarakterizə olunan parazitar xəstəlikdir. Helmintozlara aid olan bu problem insan askaridinəbənzər toksokor qurdu tərəfindən törədilir.

Son.az bildirir ki, həkim-infeksionist Aynur Məmmədovanın AZƏRTAC-a verdiyi məlumata görə, yoluxma mənbəyi əsasən heyvan tükləri hesab edilir: "İstənilən vaxt, xüsusilə yay-payız mövsümündə toksokaroz xəstəliyinə tutulmaq olar. Xəstəliyə tutulanlar invaziya mənbəyi hesab edilmir, çünki insan toksokar qurdu üçün xarakter sahibi deyil. Buna görə də onlar orqanizmdə cinsi yetkin formaya çata bilmirlər. O sürfələrlə çirklənmiş torpaq, heyvan yunu, çirklənmiş qida məhsulları və çirkli əllər vasitəsilə yayılır. Toksokar uzunluğu 4-18 sm-ə qədər olan ayrıcinsiyyətli qurddur, itlərin mədə və nazik bağırsağında yerləşir. Yetkin qurd fərdlərinin yaşam müddəti 4-6 aydır. Dişi toksokar qurdları gün ərzində 200 min yumurta qoyur. Toksokarın yumurtası 65-75 mkm ölçüsündə dairəvi formadadır. Nəm torpağa düşmüş yumurtalar 5-36 günə yetişir və invazivlik əldə edir. Bu zaman toksokar qurdlarının inkişafı üçün torpağın temperaturu və nəmliyi optimal səviyyədə olmalıdır. Qurdun həyat tsikli mürəkkəbdir. Qurda yoluxmuş hamilə heyvandan sürfə transplasentar yolla dölə keçərək döl doğulana qədər onun qaraciyərində yaşayır".

Həkim-infeksionist deyib: "İnsan orqanizmində ağıza daxil olmuş yumurta mədəyə, oradan da nazik bağırsağa düşür və ondan süfrə çıxır. Sürfə bağırsağın selikli qişasından keçərək qan damarlarına daxil olur və qapı venası vasitəsilə qaraciyərə düşür. Orada süfrələrin bəzisi çökür və infiltratlar yaradaraq qranulomalara çevrilir, bəziləri isə qaraciyərdən keçərək qan dövranı ilə ağciyərlərə daxil olur. Sonra isə oradan böyük qan dövranı ilə istənilən orqana-böyrək, əzələ, qalxanabənzər vəzi, baş beyin və s. miqrasiya edir. Həmin vəziyyətdə süfrələr uzun müddət qala bilər".