Bərdə və Ağcabədidə DOST mərkəzləri yaradılacaq (FOTO)


Digərləri 14 Dek 2018 20:53:00 302 0

Bərdə və Ağcabədidə DOST mərkəzləri yaradılacaq (FOTO)

Sahil Babayev Bərdə, Tərtər və Ağcabədi rayonlarının sakinləri ilə görüşüb

Bakı. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bərdə rayonunda Bərdə, Tərtər, Ağcabədi rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Trend-ə verilən məlumata görə, qəbuldan əvvəl S.Babayev və Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər. Qəbulda ƏƏSMN yanında İctimai Şuranın sədri Umud Mirzəyev də iştirak edib. Vətəndaşların müraciətlərində əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, məşğulluğun təmin olunması, özünüməşğulluq proqramına, ödənişli ictimai işlərə və peşə hazırlığına cəlb olunma, sosial sığorta münasibətləri, imtiyazlı şəxslərin mənzillə və reabilitasiya vasitələri ilə təminatı və s. məsələlərə aid olub. Sorğu xarakteri müraciətlərə cavab olaraq, hüquqi izahatlar verilib, ayrı-ayrı müraciətlərdə qaldırılan məsələlərin həlli təmin edilib.