Fransada Milad bazarına hücum: Polis şübhəlini


Dünya 13 Dek 2018 23:25:00 422 0

Fransada Milad bazarına hücum: Polis şübhəlini

Fransa polisi Strasbourg şəhərində Milad bazarı yaxınlığında insanlara atəş açmaqda şübhəli bilinən şəxsin tapılması üçün çağırış edib.

Yüzlərlə polis, əsgər və sərhəd agentləri Fransa-Almaniya sərhədinin hər iki tərəfində şübhəli Cherif Chekatt-ın axtarışı ilə məşğuldurlar.

Çərşənbə axşamı günü Fransanın şərqindəki silahlı hücumda azı iki adam ölüb, 13 nəfər isə yaralanıb.

Silahlı şəxsin atəş açarkən "Allahu Əkbər" ("Allah böyükdür") deyə qışqırdığı deyilir.

Cherrif Chekatt Fransa hakimiyyətinə, oğurluq da daxil olmaqla, müxtəlif cinayətlərə görə həbsxanada olmuş və orada İslamın radikal formasını qəbul etmiş şəxs kimi tanışdır.

Polis xəbərdarlıq edib ki, "təhlükəli" şübhəlini görən şəxslər ona yaxınlaşmamalı, əvəzində fövqəladə hallar üçün qaynar xəttə zəng etməlidir.

Gecə yarısı silahlı atışmada ölənlərin xatirəsinə Eiffel qülləsinin işıqları söndürülüb.

Paris meri Anno Hidalgo bildirib ki, bu, şəhərin bütün Strasbourg-a və qurbanların ailələrinə dəstəyini göstərmək üçündür.

Atışmada ölənlərin xatirəsinə gecəyarısı Eiffel qülləsinin işıqları söndürülüb

Şübhəlinin axtarışı necə aparılır?

Fransanın daxili işlər naziri Christophe Castaner parlamentdə bildirib ki, 700-dən çox polis zabiti və təhlükəsizlik qüvvələri əməkdaşları Strasbourg-dakı Milad bazarında baş verən silahlı hücumda əsgərlərlə atışmada yaralanmış şəxsi axtarır.

Fransa daxili işlər nazirinin müavini Laurent Nunez-in atəş açan şəxsin Fransada olmama ehtimalını dilə gətirməsindən sonra, Almaniya polisi də sərhədboyu ərazilərdə axtarışa qoşulub.

Sərhəd keşikçiləri Fransa-Almaniya sərhədində, hər iki istiqamətdə, böyük tıxaca səbəb olsa da, Reyn çayını keçən maşınlarda yoxlama aparır.

Cənab Castaner əhaliyə "yüksək səviyyədə" xəbərdarlıq edildiyini, polis qüvvələrinin və həssaslığın artırıldığını bildirib.

Nazir həmçinin, bütün Milad bazarlarında təhlükəsizlik tədbirlərinin artırılacağını deyib.

Strasbourg-un meri Roland Ries, Milad bazarının çərşənbə günü və cümə axşamı günü bağlı olacağını, şəhər bələdiyyəsində isə bayraqların yarıya qədər endiriləcəyini söyləyib.

Yorğun və çarəsiz, Damian Grammaticas Strasburqdan yazır:

Strasbourg-un Milad bazarı artıq qaranlıq yerdir. Taxta köşklərin hamısı bağlıdır.

Bu köşklərdən birinin sahibi silah səsini eşidən zaman yaxınlıqdakı bara sığınmağından danışır.

"Biz hamımız əsirdik", o deyir.

İlin bu vaxtları Milad bazarı uzaqdan alış-verişə və gəzməyə gəlmiş, isti sosiskadan suvenirə qədər hər şeyi alan şəxslərlə dolu olmalı idi. Lakin indi orada yorğunluq və çarəsizlik hökm sürür.

"Hamı qışqırır, hamı qaçırdı, qorxmuşdular", silahlı şəxsin insanları təsadüfən nişan alıb, atəş açdığını bildirən bir hadisə şahidi danışır.

Strasbourg əvvəllər qarşısı alınmış terror hadisələrinin hədəfi olub. Lakin bu dəfə bu baş verdi, insanlar incidilmiş və acıqlıdırlar. Birinin dediyi kimi "bu utancvericidir".

Dekabrın 11-də axşam saatlarında Strasbourg-da yüzlərlə ziyarətçini cəlb edən Milad bazarında bir nəfər şəxs atəş açmağa başlayıb

Hücum necə başlayıb?

Çərşənbə axşamı günü yerli vaxtla təxminən axşam saat 8-də Strasbourg-un mərkəzi Kleber meydanı yaxınlığında yüzlərlə ziyarətçini cəlb edən Milad bazarında bir nəfər şəxs atəş açmağa başlayıb.

Fransanın terrorla mübarizə üzrə prokuroru Rémy Heitz bildirib ki, "iki nəfər şəxs aldıqları güllə yarasından ölüb, 12 nəfər yaralanıb, onlardan 6 nəfərinin vəziyyəti ağırdır".

Odlu silah və bıçaqla silahlanmış şübhəli taksi ilə ərazidən qaça bilib, cənab Heitz deyib.