Qohumqonşuya görə... Azərbaycanda geylərlə lesbiyanlar necə olur ki,


Digərləri 13 Dek 2018 22:35:00 542 0

Qohumqonşuya görə... Azərbaycanda geylərlə lesbiyanlar necə olur ki,

Homoseksuallıq barədə danışmaq burada adət deyil, homoseksual əlaqələr isə rüsvayçılıq sayılır - buna baxmayaraq, Azərbaycanda bəzi gey və lesbiyanlar biri-birilə evlənirlər. Onların valideynləri, adətən, buna şad olurlar: onların fikrincə, toy, qohumların artıq suallarından onları qurtara bilər, uşaqlarını "sağaldar" və nəvə gətirər. Lakin möcüzə baş vermir.

Son.az bildirir ki, BBC belə saxta nikahlara girən insanların hekayələrini danışır.

"Sən bu evdən ya gəlinlikdə, ya da ki, mən səni öldürəndən sonra, kəfəndə çıxacaqsan", - evdən qaçan Gülnura atası, qızı evə qaytarılandan sonra deyib.

Gülnür bundan əvvəl evdən bir neçə dəfə qaçıb, lakin hər dəfə anası onu tapıb.

O bilirdi ki, evə qayıdanda atası onu növbəti dəfə döyəcək, lakin anasının göz yaşlarına dözə bilməyib qayıdırdı.

"Mən oradan çıxıb getmək istəyirdim. Təkcə ona görə yox ki, homoseksual qadınam, həm də ona görə ki, 18 yaşı çoxdan ötmüşəm, çııxb getmək mənim hququm idi", - Gülnur xatırlayır.

Lakin günlərin bir günü, növbəti dəfə atası onu kötəkləyəndən və öldürəcəyilə hədələdikdən sonra Gülnur anlayır ki, bu müsibətdən xilas olmağın yeganə yolu ərə getməkdədir.

"Onun yaşı artıq 30-u ötüb"

Bu il Azərbaycan Avropanın 49 ölkəsi arasında lesbiyanlar, geylər, biseksuallar və transgenderlərin hüquqlarının təmin edilməsi səviyyəsinə görə yenidən reytinq cədvəlinin sonuncu yerini tutub.

Siyahını tutan ILGA-Europe təşkilatı (Beynəlxalq lesbian, gey, biseksual, transgender və interseksuallar assosiasiyası) digər problemlər arasında sığınacaqların olmamasını, nifrət dilini, ailə dəstəyi çatışmazlığını və diskriminasiyanı qeyd edir.

2000-ci ildən bəri Azərbaycanda homoseksual əlaqələr cinayət sayılmır, lakin LGBT icmasının hüquqlarını qoruyan qanunlar ölkədə yoxdur. Homoseksual nikahlar da qadağan olunub.

Keçən il Bakıda LGBT üzvlərinə qarşı polis reydləri keçirilib: onlarla adam polis şöbələrində aparılaraq dindirilib, bəziləri orada bir neçə gün ərzində saxlanılıb.

Bəzi gey və lesbianlar çıxış yolunu saxta nikahlarda görürlər. Partnyorlar sosial medianın qapalı qrupları, LGBT-çilərlə həmrəy olan tanışlar vasitəsilə axtarılır.

Gülnarə Mehdiyeva adlı fəalın sözlərinə görə, kömək almaq üçün ona azı 10 adam müraciət edib.

"Bir qadın hətta pul da təklif edirdi. O deyirdi ki, özü özünə ər tapmasa, valideynləri onu zorla kiməsə ərə verəcəklər, yaşı isə artıq 30-u keçmişdi", - Gülnarə deyir.

Azərbaycanın ənənəvi ailələrində övlada həyat yoldaşı tapmaqda valideynlər böyük rol oynayır.

"Gender və inkişaf" təşkilatının başçısı Kamran Rzayev deyir ki, lesbianlarla geylər arasında "sövdələşmə nikahların" olmasının səbəbi gənclərin valideynlərindən asılı olması, valideynlərin isə qohum-qonşunun rəyindən asılı olmalarındadır.

Lakin bəzən valideynlər də yolagetməz ola bilər: "kişiyəbənzər" qızla oğlunu və ya "qızabənzər" oğlanla qızını evləndirməyə razılıq verməyə bilərlər.

"İstəyirsən - boşan, amma evə buraxmayacağıq"

Atasının hədələrindən bir neçə gün sonra Gülnur gey dostu ilə ona ərə gedəcəyi barədə razılığa gəlib.

"Mən ona əhvalatımı danışdım və dedim ki, istəyirsən, toydan yığılacaq bütün pulu sən götür, - o deyir. - Lakin o, bir dost kimi dedi ki, buna ehtiyac yoxdur".

"Biz bunu ailələrimizə sakitcə çatdırdıq və onlar sentyabrda öz aralarında görüşdülər", - Gülnur danışır.

Hər iki tərəfdən valideynlər elə sevinirdilər ki, bizi tez nişanladılar, yanvarda isə toyumuz oldu.

"Məcbur olub gəlinlik paltarını geyindim", - o xatırlayır.

Gülnur deyir ki, mənasız saydığı ənənəvi mərasimləri mümkün qədər ixtisar etməyə çalıışıb, əllərinə xına çəkməkdən imtina edib. Amma qalan işlər ənənəvi Azərbaycan toyuna uyğun görülüb.

"Toyda çox əsəb və gərginlik hissi keçirirdim, stressdən azad olmaq üçün ikimizdə durmadan içki içirdik, - o deyir, - Və toydan sonra ikimizdə ayaqüstə dura bilmirdik".

İlk toy gecəsi onlar, sadəcə, yıxılıb yatıblar.

Problemlər sonra başladı.

"O, özünü dost kimi aparmadı: toydan sonra həmişə mənim yanımda idi, bəzən rəfiqəmi [evə] buraxmırdı, dostlarımı söyürdü, - Gülnur deyir. - Bir dəfə biz kluba getmək istədik, o isə qapını açarla bağlayıb məni buraxmaq istəmirdi".

Toydan bir qədər əvvəl əri öz oğlan partnyorundan ayrıldığından onda, Gülnurun dediyinə görə, psixoloji problemlər yarandı. Gülnura və onun dostlarına əriylə dil tapmaq çətin idi.

Gülnur düşünür ki, əri gey olduğunu ola bilsin ki, qəbul edə bilmirdi; o, bir neçə dəfə onunla sekslə məşğul olmağa çalışıb və ağlayıb.