İsraildə niyə xərçəng yoxdur? Yəhudi həkim xərçəng və qriplə bağlı


Digərləri 13 Dek 2018 09:31:00 706 0

İsraildə niyə xərçəng yoxdur?  Yəhudi həkim xərçəng və qriplə bağlı

Ağaclar yarpaqlarını töküb, səma bozun 50 çalarına bürünəndə, günəş sanki əlvida deyib buludların arxasında gizlənəndə, soyuqdəymə qonaq gəlir. Bəxtimiz gətirsə, sadəcə, boğaz ağrısı, burun axma ilə yola verə bilirik, ən pis halda isə qızdırma, sümük-əzələ sızıltısı, sanki rəndə udmuş kimi boğaz sızıltısı əhvalımızı qara əskiyə bükür. Bəzən hətta sıradan saydığımız qrip virusu minlərlə can alır.

Qripdən necə qorunaq? Ümumiyyətlə, bu virusdan yan keçmək mümkündürmü? Bu virus daha hansı ciddi xəstəliklərə yol aça bilər?

Son.az xəbər verir ki, publika.az İsrailin məşhur terapevti, tanınmış həkim Şimon Peretslə birgə suallara cavab axtarıb.

- Doktor Şimon, artıq qrip epidemiyası qapımızı döyür. Hər il Avropada payız fəsli gələn kimi qripə qarşı peyvəndlər vururlar. O qədər də təhlükəli olmayan bu virus əleyhinə peyvənd vurdurmaq vacibdirmi?

- Qripə qarşı mütləq vaksin vurulmalıdır. İsraildə qrip virusu adətən iki mövsümdə yayılır. Ona görə də oktyabr və mart aylarında peyvənd vurulur. Çünki peyvənd qripə yoluxma təhlükəsini azaldır. Yoluxanda isə xəstəliyi daha rahat keçirtməyə yardım edir. Ona görə bütün xəstələrimə qripə qarşı peyvənd vurdurmağı tövsiyə edirəm. Həmçinin özümə və doğmalarıma da peyvənd vurdururam.

- Bəs qrip peyvəndi icbari tətbiq olunmayan ölkələr hansı addımdan başlamalıdırlar? Hansı vaksinlərə üstünlük verilməlidir? Bu iynələrin yan təsiri varmı?

- Bu məsələ ilə ölkələrin səhiyyə nazirlikləri məşğul olmalıdır. Beynəlxalq Səhiyyə Təşkilatı hər il əsas qrip viruslarını nəzərə alıb məhz həmin epidemiyalara uyğun vaksinlər sifariş edir. Bu vaksinlər Fransa və İsveçrənin bir sıra nəhəng farmakoloji şirkətləri tərəfindən hazırlanır. Ölkələrin səhiyyə nazirlikləri isə onları sifariş edir. Məsələn, İsraildə qrip peyvəndləri əhaliyə təmənnasız vurulur. Bu peyvəndlər dörd, beş virusun qarşısını almaq üçün nəzərdə tutulub. Qrip peyvəndləri, ilk növbədə, qocalara, uşaqlara və xroniki xəstəliklərdən əziyyət çəkənlərə vurulmalıdır. Bu vaksinlərin zərəri barədə düşünməyə əsas yoxdur.

- Əsas sual, bəs qrip diaqnozunu necə qoyaq? Necə təyin edək ki, bu soyuqdəymə yox, qripdir?

- Qripin bir neçə xarakterik göstəricisi var. Bu virus hər zaman yüksək temperaturla müşayiət olunur. Əzələ, boğaz ağrıları, quru öskürək gəlir. Bəzən, sadəcə, burnumuz axır, düşünürük ki, qrip olmuşuq. Bu, belə deyil. Bəzən hətta qrip müddətində burun axıntısı müşayiət edilməyə bilər. Amma sadaladığımız digər əlamətlər varsa, demək qrip virusuna yaxalanmışıq.

- Deyək ki, artıq qripə yenildik. Özümüzü necə sağaldaq? Apteklərdə satılan onlarla toz dərmanlar, yoxsa ballı çay?

- Quş və donuz qriplərinə qarşı mütləq spesifik antivirus preparatlarından istifadə olunmalıdır. Amma böyük hallarda qrip də digər virus xəstəlikləri kimi xüsusi istiqamətlənmiş müalicəyə əsaslanmır. Sadəcə, əlamətləri yüngülləşdirə bilərik. Boğazınız ağrıyırsa, südə zəncəfil və bal qatıb için. Ağrını yüngülləşdirən "strepsils" kimi dərmanlardan istifadə edin. Burnunuza "psevdoefedrin" damcıladın. Qızdırmanızı "parasetamol"la endirin. Amma yenə də deyirəm, belə virusları yenmək üçün yataq şəraiti, bol maye və isti adyal vacibdir.

- Doktor, çox vaxt qripə yoluxanda, çətin də olsa gündəlik həyatımıza davam edir, işə gedirik. Sizcə, bu, nə dərəcədə doğrudur?

- Qrip virus xəstəliyi olsa da, olduqca təhlükəlidir. Bəlkə də siz xatırlamazsınız, amma ötən əsrin sonunda yayılan "ispanka" qripi on minlərlə insanın həyatına son qoydu. Nəzərinizə çatdırım ki, insanlar virusun özündən deyil, ağırlaşmasından ölə bilərlər. Qrip müddətində işə getməksə, ən böyük səhvdir. Ən əsası özünüzü təhlükəyə atırsınız. Çünki orqanizmi gücə salırsınız. İkincisi isə, virus keçici xəstəlikdir. Digərlərini də yoluxdurursunuz. Qrip müddətində mütləq evdə, öz otağınızda olmalısınız. Evdəkiləri də yoluxdurmamaq üçün həm siz, həm də onlar qoruyucu maskalardan istifadə etməlisiniz. Qripin müddəti beş-altı gündür. Həmin ərəfədə işdə olmağınız sizə də, müdirinizə də zərərdir.

- Virus xəstəliklərinə yoluxanda pnevmaniya riski də artır, elə deyilmi?

- Digər virus xətəliklərində deyil, amma qrip zamanı pnevmaniyaya yoluxma riski var. Xüsusən də uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan insanlar bu müddətdə ehtiyatlı olmalıdırlar. Yenidən müsahibəmizin əvvəlinə qayıtmaq istəyirəm. Qrip əleyhinə vurulan peyvəndlər pnevmaniya riskini 70-75 faizədək azaldır.

- Bəs qrip virusu sinir sistemini zədələyə bilərmi?

- İstənilən virus infeksiyası ensefalitə gətirib çıxara bilər. Ensefalit baş beyinin iltihabıdır. Xəstəliktörədən mikroorqanizmlərin beyinə keçməsi nəticəsində baş verən infeksion xəstəlik qrupudur. Həmçinin virus meningiti də var. Bütün bu xəstəliklər mərkəzi sinir sistemini zədələyə bilər. Bir sıra nadir infeksiyalar da var ki, onlar haqda növbəti dəfə danışa bilərik.