İzzət mənbəyindən qaynaqlanan hiss


Digərləri 11 Dek 2018 22:50:00 362 0

İzzət mənbəyindən qaynaqlanan hiss

Bismilləhir-Rahmənir-Rahim!

Bugünkü bəhsimiz "Furqan" surəsinin 63-cü ayəsinin təhlili üzərindədir. "Rəhman olan Allahın həqiqi bəndələri o kəslərdir ki, yer üzərində "həvna" halətində yeriyərlər". Təvazö ilə, mülayimliklə, mehribanlıqla, vüqarla yeriyərlər. Və bu ayədən başlayaraq, Allah Təala həqiqi mömin insanın 12 xüsusiyyətini tanıtdırır.

Təfsiri bəhslərdən aydın olur ki, burada yerimə - əslində bütün yaşayışa işarədir. Yəni, burada yerimə dedikdə, əslində ümumiyyətlə insanın yaşayış tərzinə və digər insanlarla münasibətlərinə aid məsələ nəzərdə tutulur. İnsanlar arasında yaşayarkən və insanlarla münasibət qurarkən, təvazökarlıq, vüqar, mülayimlik, mehribanlıq əsasında olan ünsiyyətdən gedir söhbət.

Allah dərgahında təvazökarlığın təzahürü

Beləliklə, mübarək ayədə fiziki yeriməyə işarədə, insanın ümumi yaşayışı və bu yaşayış dönəmində davranışları nəzərdə tutulub. Və buradan insan həyatının bütün səhnələrində, insanlarla münasibətlərin hamısında təvazö yükünün olması mövzusu ortalığa çıxır.

Burada bir başqa təfsiri nöqtə də vardır. Mübarək ayədə hərtərəfli təvazökarlığa dəvət var. Ayənin əvvəlində "Rəhman olan Allahın bəndələri" ibarəsi gəlir. Möminlər Allah qarşısında mütəvazödürlər. Həqiqi bəndələrin Uca Yaradanın müqabilində təvazökarlığından gedir söhbət. Möminlər - Allahın təvazökar bəndələridir.

Digər tərəfdən, "yer üzündə gəzərkən" ibarəsinin geniş mənada açıqlaması, digər insanlarla ünsiyyəti əhatə etdiyindən, möminlərin insanlarla ünsiyyətdə təvazökar olması bəlli olur. Məlum olur ki, Allah qarşısında təvazö edənlər, həm də insanlarla təvazö edənlərdir. İnsanlar qarşısında təvazökarlıq, Allah Təala qarşısında təvazökarlığın xüsusiyyətlərindəndir. O kəs ki, Allah qarşısında təvazökardır, Allah bəndəsidir - insanlarla da təvazökardır. İnsanlarla təvazö xüsusiyyəti - möminin Allah dərgahında təvazökarlığının təzahürüdür. Deməli, hərtərəfli təvazödən gedir söhbət. Bəndə olaraq Xaliqin dərgahında təvazökardırlar, eyni zamanda xəlq olunmuşlarla rəftarlarında da təvazökardırlar.

Təvazönün mənbəyi

Təvazönün mənbəyi və mənşəyi barədə bir neçə kəlmə qeyd edək. Allahın həqiqi bəndələrinin təvazösü süni deyil, qurma deyil. İmitasiya xarakteri daşımır. Zahiri görüntü xatirinə deyil. Onların vücudlarına bu halət olaraq hopub.

Onlar - Allahın həqiqi bəndələridir. Təvazöləri Allaha bəndəlikdən qaynaqlanır. Allah bəndələridirlər. Digərinin bəndəsi deyillər. İzzət mənbəyindən qaynaqlanır təvazöləri. Ləyaqət mənbəyindən qaynaqlanır. Əzəmət, ucalıq, böyüklük mənbəyindən qaynaqlanır. Bu səbəbdən də, layiqli insanlarla rəftarda təvazökardırlar bu iman gətirənlər.

Təvazöləri Allaha bəndəlikdən qaynaqlanır. Ləyaqət daşıyıcısıdırlar. Bu səbəbdən də layiqli insanlarla ünsiyyətdə təvazökardırlar, amma zülm edənlərlə yox. Onların təvazösü qorxu və acizlikdən olmadığından, zalımlar və ləyaqətsiz insanlarla təvazö etməzlər. Zalıma qarşı təvazö - qorxaqlıqdan irəli gəlir, acizlikdən irəli gəlir. Qorxaq və aciz olmayan Allahın həqiqi bəndələri isə ləyaqətsiz insanla ünsiyyətdə lazımsız təvazö etməzlər.

Təvazönün önəmliliyi

Təvazönün önəmliliyi barədə bir neçə nöqtəyə toxunaq.

Rəhman olan Allahın həqiqi bəndələrinin ilk sifəti olaraq təvazö göstərilir. Həqiqi bəndələrə xas yaşayışı təkəbbürsüz, mənəm-mənəmsiz, eqoizmsiz qurmaq kimi bir vəzifə göstərilib. Və önəmliliyi o qədərdir ki, birinci vəzifə olaraq göstərilib. O qədər mühümdür ki, hətta insanın yeriməsi də təkəbbürlülük kimi bir mənfiliklərdən pak olmalıdır.

Sual çıxa bilər ki, bəs təvazö nəyə bağlıdır? Təvazö, özünü tanımaya bağlıdır. Əgər insan özünü azacıq da olsa tanısa, öz varlığını tanısa, öz yerini bütün varlığa nisbətdə anlasa, o zaman nə qədər kiçik, nə qədər ehtiyaçlı olmasının fərqinə varar. Bunun fərqinə varsa, "böyüklük" iddiasında olmaz. Deməli, təvazökarlığın əsas şərtlərindən biri - insanın az da olsa, özünütanımaya malik olmasıdır.

Təvazö ilə bağlı çox incə, zərif buyuruşlar var. Böyük İslam Peyğəmbəri (s) təvazönü ibadətin şirinliyini kimi təqdim etmişdir. Günlərin birində Allahın Peyğəmbəri (s) buyurur ki: "Nə üçün sizdə ibadətin şirinliyini görmürəm?" Dedilər: "İbadətin şirinliyi nədir?" Buyurdu: "Təvazökarlıq".

İnsanlar var ki, zahirdə ibadət edər. Amma sərt, qaba olarlar. Quru olarlar, aqressiv olarlar. Bəs bu, iman iddiası ilə necə bir araya sığır? Bir halda ki, dinimizin həqiqi iman əhlinə aid olan buyuruşuna əsasən, mömin mülayim və mehriban olmalıdır?! Bir halda ki, bu xüsusiyyətlərdən uzaq olmağı dinimiz ibadətin şirinliyindən məhrumluq kimi qiymətləndirir?! Bir sözlə, ibadətin şirinliyi o yerdə olar ki, ibadət edəndə təvazökarlıq kimi gözəl xüsusiyyət mövcud olsun.

Bəndəlikdə ən üstün olmaq

Təvazökarlıqla bağlı başqa bir nöqtə, bəndəlikdə ən üstün mövqe tutmaqla bağlıdır. Görürük ki, Rəsuli-Əkrəm (s) bəndəlikdə ən üstün məqam kimi təqdim edir təvazökarlığı: "İnsanların bəndəlikdə ən üstünü - böyük olmasına baxmayaraq, təvazökarlıq edən şəxsdir".

İnsan istəyirsə gerçəkdə ən üstün olsun, gerçəkdə həqiqi bəndə olsun, gerçəkdə ibadətin şirinliyini dadsın - gərək təvazökar olsun. İstəyirsə mənəvi halət əldə etsin - gərək təvazökar olsun. İnsan istəyirsə halı xoş olsun - gərək təvazökarlığa üstünlük versin. Böyük İslam Peyğəmbəri (s) mübarək buyuruşlarının birində kimlərin halının xoş olması məsələsinə aydınlıq gətirir: "Xoş o adamın halına ki, heç bir nöqsan və çatışmazlığı olmadan, Allah Təalaya görə təvazökarlıq etsin və heç bir xarlıq və acizliyi olmadan, özünü həqirləşdirsin".

Görürük ki, mübarək hədisdə təvazökarlıq nə kimi uca səviyyədə tərənnüm edilir. Və bu yüksəkliyə yetişməyin mərkəzi xətti olaraq, Allaha görə təvazökarlıq, ixlaslı durumda olmaqlıq vurğulanır. Hər bir xarlığı və acizliyi özündən uzaqlaşdıraraq, insanın təvazö durumuna gəlməsi bəyənilir.

Elə olur ki, insanın nə isə bir çatışmazlığı, nöqsanı var. Ona görə müəyyən mənada "dili qısa" olur. Müəyyən çəkinlikləri var, ona görə onun rəftarları mülayim olur. Bir də var onun rətarlarının mülayimliyinin, mehribanlığının kökündə Allaha xatirlik durur.

ƏN BÖYÜK IBADƏT Dinimiz təvazökarlığı ibadətlərin ən böyüklərindən biri kimi tanıtdırır. Həzrət Əlidən (ə) nəql olunan hədisdə bildirilir: "Təvazökar ol! Çünki o, ibadətlərin ən böyüklərindəndir".

Hədisdən məlum olur ki, insan öz həyatını, yaşayışını təvazö üzərində qursa, dinimizin məntiqi ilə ibadətlərdən ən böyüyünə qol qoymuş olur.

İslam dini çox mücərrəd bir kateqoriyalar təklif etmir insanın kamilliyə çatması üçün. Konkret düsturlara riayət etdikdə, hər bir insan ibadətin şirinliyini də dadar, bəndəlikdə üstünlüyü də əldə edər, ibadətlərin ən böyüyünə də nail olar. Bunun üçün rəftar və davranışlarda Allaha xatir təvazökarlıq lazımdır.

Bəs təvazökarlığı əldə etmək necə, çətindirmi? Dinimizin bu məsələdə də dəqiq resepti vardır. İnsanın öz həddini bilməsi konsepsiyasına əsaslanan bu yanaşma sayəsində, insan süni deyil, təbii təvazökarlıq əldə edir. İmam Əlidən (ə) nəql edirlər: "İnsanın təvazökar olması üçün onun öz həddini bilməsi kifayətdir".

İnsan geniş mənada öz yerini bilsə, həqiqi dəyərlər sisteminə əsaslanaraq, öz həddinə riayət etsə, əgər insan varlıq olaraq öz durumunu bilsə - təvazökar olmaq üçün bu, kifayət edəcəkdir. Bilməməzlikdən, xəbərsizlikdən, nadanlıqdan insan özünü dartır, böyük tutur. İnsanın öz ehtiyaclılığını nəzərdən qaçırmağı ucbatındandır ki, pulunu, sərvətini, nəsəbini, qohum-əqrəbasını böyük bilib, arxalanmalı bir nəsnə bilib təkəbbürlülük edir. İnsan real olaraq yaranış və ehtiyaclılıq baxımından öz durumuna bir qədər təfəkkürlə yanaşsa, onun təvazösü labüd olar.