Müqaviləsiz çalışanlar necə ifşa olunacaq?


Digərləri 11 Dek 2018 20:39:00 368 0

Müqaviləsiz çalışanlar necə ifşa olunacaq?

İşçilərin əmək müqaviləsiz işlədilməsinə görə işəgötürənlərə tətbiq olunan maliyyə sanksiyasının məbləği artırılıb. Bu, Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürən təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat cərimə olunacaq.

İkinci dəfə yol verdikdə 4000, üç və daha çox dəfə yol verdikdə 6000 manat maliyyə sanksiyası tətbiq olunacaq. Qeyd edək ki, hazırda bütün hallarda işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Son.az bildirir ki, yeniliyi Sputnik Azərbaycan-a şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədovun fikrincə, inzibati qaydalarla, cərimələrin artırılması ilə fiskal yığımın artırılması baxımından müəyyən nəticəyə nail olmaq mümkündür: "Vergi inzibatçılığında müsbət gözləntilərin özünü doğrultması gözlənilir. Amma söhbət fundamental əsaslardan gedirsə, biznes mühitə öz iqtisadi fəaliyyətini ölkə iqtisadiyyatının maraqlarına uyğun qurulması üçün şərait yaradılmalıdır".

"Biznes üçün daha sərfəli olmalıdır ki, öz biznes fəaliyyətini, tamamilə, qanuniləşdirsin, yəni kölgə iqtisadiyyatından çəkilsin. Bunun üçün də vergi siyasəti stimullaşdırıcı olmalıdır. Biznes daha maraqlı olmalıdır ki, investisiyaları artırsın. Bunun vergi bazasının azalmasına təsiri mümkün olsun" - ekspert bildirib.

E.Məmmədov qeyd edib ki, əsas məsələ biznesin stimullaşdırılmasıdır: "Bu zaman biznes əldə etdiyi gəlirlərini, mənfəətini daha çox investisiyaya yönəldərək, həm ölkə iqtisadiyyatının inkişafına xidmət edəcək, həm də biznesin özü üçün bu maraqlı olacaq. Ona görə də ancaq inzibati yollarla bunun tənzimlənməsi dayanıqlı effekt verə bilməz".

"Düzdür, vergi cərimələrinin müəyyən mənada artırılmasına ehtiyac var idi. Amma düşünmürəm ki, ancaq inzibati qaydada, cərimələrin artırılması yolu ilə dayanıqlı və davamlı şəkildə biznesin vergidən yayınma hallarının qarşısını almaq olacaq. Ona görə mütləq stimullaşdırıcı iqtisadi tədbirlər həyata keçirilməlidir" - professor vurğulayıb.