Sumqayıtda idmançını qətlə yetirən ata-oğulun məhkəməsi başladı


Digərləri 11 Dek 2018 16:15:51 323 0

Sumqayıtda idmançını qətlə yetirən ata-oğulun məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda idmançını öldürməkdə təqsirləndirilən Əhəd İsmayılov və onun oğlu Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda idmançını öldürməkdə təqsirləndirilən Əhəd İsmayılov və onun oğlu Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Ə.İsmayılov özünü təqsirli bilməyib, oğlu R.İsmayılov isə qismən təqsirli bilib. Sərbəst ifadə verən R.İsmayılov deyib ki, hadisədən əvvəl “PES” klubda mərhum Rasif Həbibovla mübahisə edib: “Mən uşaqlarla klubda “playstation” oynayırdım. Telefonumu cərəyana qoşmuşdum. Bu zaman Rasif kluba daxil olub, mənim telefonumu çıxarıb, öz telefonunu cərəyana qoşdu. Ondan səbəbini soruşanda başıma sillə ilə vurub, yaxşı etdiyini söylədi. Sonra Rasif məni söyüb, döydü. Bizi orada uşaqlar ayırdı, ağlayıb evə getdim. Atam evdə yatmışdı. Onu yuxudan oyadıb, Rasifin məni təhqir edib, döydüyünü bildirdim. Atama deməyimin səbəbi isə bizi barışdırmaq idi. Çünki Rasiflə atamın və qardaşımın münasibətləri daha əvvəl yaxşı olub. Sonra atamla Rasiflə görüşməyə getdik”. Təqsirləndirilən şəxsin sözlərinə görə, Rasifin yanında bir neçə şəxs olub: “Atam Rasifə dedi ki, maşına minsin, onunla söhbət edəcək. Bu zaman onun dostu Samir də özünü maşına soxdu. Samiri aravuran adam kimi tanıyırdım. Onun maşına minməsini istəmirdim. Lakin Samir zorla maşına mindi. Yolda atam Rasifdən məni nəyə görə döydüyünü soruşdu. Bu zaman Samir dilləndi ki, “Ramil uşaqlıq edib”. Hər atam Rasifə sual verdikcə Samir özünü ortaya soxurdu. Sonra maşını kənara çəkib, yerə düşdük. Yerə düşən kimi Samir məni yumruqla vurdu, Rasif isə atamı döyməyə başladı. Mən həmin zaman şokda idim. Yerdən qalxıb, tez maşından bıçağı götürdüm. Fikrim onları qorxutmaq idi. Bıçağı onlar tərəfə uzatdım, sonra hər iki şəxs bizdən uzaqlaşdı. Biz də maşına minib evə gəldik”. R.İsmayılov bildirib ki, bıçağı hadisədən sonra dənizə atıb.