Hamiləlik əleyhinə ən


Digərləri 08 Dek 2018 21:45:00 291 0

Hamiləlik əleyhinə ən

Arzu olunmayan hamiləlikdən qorunmaq üçün bir çox üsullar mövcuddur - kontraseptiv həblər, "spiral", prezervativ, spermisidlər və s. Lakin bu üsullardan heç biri hamiləlikdən 100% qorumur.

Hamiləlik əleyhinə ən effektli və eyni zamanda radikal üsul uşaqlıq borularının bağlanılması sayılır.

Qadın cinsiyyət sisteminin vacib orqanı - uşaqlığın hər iki tərəfində yerləşən və uşaqlığa açılan uşaqlıq (və ya Fallop) borularıdır. Boruların digər konusa oxşayan açıq tərəfi kiçik çanağa (yumurtalığa yaxın) açılır. Ovulyasiya zamanı yumurtalığın divarı yırtılır və yumurta hüceyrəsi kiçik çanağa çıxır. Uşaqlıq borusunun xovları yumurta hüceyrəsini tutur və borunun daxilinə ötürür. Yumurta hüceyrəsi uşaqlıq borusunda uşaqlığa doğru hərəkət etməyə başlayır. Əgər borunun ampula hissəsində yumurta hüceyrəsini spermatozoidlər "gözləyirsə", mayalanma baş verə bilər. Mayalanmış yumurta hüceyrəsi daha sonra uşaqlığa düşür və burada uşaqlığın divarına implantasiya edir ("yapışır"). Belə hamiləlik baş verir.

Uşaqlıq borularının bağlanılması nəticəsində spermatozoidin və yumurta hüceyrəsinin "görüşü" mümkünsüz olur ki, bunun nəticəsində hamiləlik da baş tutmur. Uşaqlıq borusunun bağlanılması cərrahi bir prosesdir və onun geri dönüşü çox çətindir.

Uşaqlıq borusunun bağlanılmasından sonra cinsi həyat əvvəlki kimi davam edir. Menstruasiyanın gedişi və bədən quruluşu hər hansı bir şəkildə bununla əlaqədar dəyişilmir.

Uşaqlıq borusunun bağlanılması prosesi qadın reproduktiv orqanlarına hər hansı bir zərəri yoxdur. Amma bu proses əməliyyatla həyata keçirildiyi üçün əməliyyata dair müəyyən kiçik riskləri var.

Uşaqlıq borusunun bağlanmasının üstünlükləri nələrdir?

- Hamiləlikdən qoruma faizi olduqca yüksəkdir. Hamilə qalma riski yox deyiləcək qədər azdır.

- Olduqca asan bir əməliyyatla ömür boyu qoruma təmin edir.

- Ana südünün miqdarına və keyfiyyətinə təsir etməz.

- Cinsi münasibətdə hər hansı bir problemə yol açmır.

Uşaqlıq borusunun bağlanmasının çatışmazlıqları nələrdir?

- Uşaqlıq borusunun bağlanılması uzunmüddətli bir prosesdir. Geri dönüşü olduqca çətin və məşəqqətlidir.

- Üsulun tətbiqi üçün bu əməliyyatı yaxşı bilən ginekoloq cərrah və əməliyyat şəraiti lazımdır.

- Cinsi xəstəliklərə qarşı qoruyuculuğu yoxdur.

Uşaqlıq borusunun bağlanılması kimlər üçün uyğundur?

- Uşaqlıq borusunun bağlanılması haqqında yetərli məlumata malik olan və buna əmin olan cütlüklər.

- Bir daha, ya da heç uşaq sahibi olmaq istəməyən cütlüklər.