Məhdudiyyət tanımayan sevgi Ailə FOTO


Digərləri 07 Dek 2018 23:51:00 422 0

Məhdudiyyət tanımayan sevgi  Ailə  FOTO

Masər Həsənov: "Nə oldusa, həmin "ola bilər" sözündən sonra oldu"

Səbinə Həsənova: "Gizlin evləndiyim üçün peşman deyiləm və bu gün də xoşbəxtəm" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Ailə" rubrikamızın budəfəki qonaqları Masər Həsənov və Səbinə Həsənova cütlüyüdür. M.Həsənov fiziki məhdudiyyətli olmağına baxmayaraq, özünü kifayət qədər inkişaf etdirmiş, ali təhsilli gəncdir. O, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinorejissorluq ixtisası üzrə magistr təhsili alır,  mebel şirkətində marketinq mütəxəssisi olaraq çalışır. Səbinə xanım isə Bakı Dövlət Universitetində coğrafiya müəllimliyi ixtisasına yiyələnib. Cütlüyümüzün çox maraqlı həyat hekayəsi var. Bu hekayə Səbinə xanımın ali məktəbə qəbul olduqdan sonra Bakıya köçməsi ilə başlayır. Ailəvi tanış olduqlarından, başqa yerdə qalıb kirayə pulu verməsin deyə, Masər bəyin anası təklif edir ki, Səbinə onlarda qalsın. Elə hər şey bundan sonra başlayır.   "Səsini 2 ay sonra eşitdim"   Masər deyir ki, münasibətləri necə başlayıbsa, heç özü də bilməyib: "İnanın, hər şey necə başladı, heç özüm də bilmədim. Səbinə bizdə qalanda qəti şəkildə belə bir düşüncəm yox idi. Evdə varlığı ilə yoxluğu hiss olunmurdu. Hətta, bizdə qalmağa başlayandan 2 ay sonra səsini eşitdim (gülür). Mən də sakit  insanları sevmirdim. Amma yaşım çatdığı üçün hamı artıq el dilində ümumilli suala çevrilən "nə vaxt tərpənirsən" sualını verirdi. Açığı, mən də bəzi nüansları göz önünə alaraq evlənməyə çəkinirdim. Ətrafda hər kəs Səbinəni göstərib, yaxşı qız olduğunu deyirdi. Hətta, ailəmdə də artıq bizim evlənməyimizlə bağlı fikirlər səslənirdi. Təbii ki, Səbinənin bundan xəbəri yox idi (gülür). Bir il idi ki, Səbinə bizdə qalırdı, müəyyən qədər tanımışdım. Ona görə, evdə bu izdivac söhbəti yenidən açılanda qeyri-ixtiyarı, "hə, razıyam" dedim. Məndən razılıq alandan sonra iş Səbinə ilə danışmaq idi".

"Elə də fağır olmadığını gördüm"   Səbinə xanım isə Masərlə evlilik haqqında heç bir düşüncəsinin olmadığını, hətta, ailəsinin onu xalası oğluna verməyi planladıqlarını deyir: "Masərin anası ilə mənim anam yaxın rəfiqədir. O, məni görəndən bəyəndiyini və oğlu ilə ailə qurmağımı istədiyini anama dedi. Anam isə məni bacısı oğluna verməyi düşündüyündən, bu işin alınmayacağını bildirdi. Beləcə, söhbət bağlandı. Eyni evdə qaldığımız dönəmdə də ağlıma evliliklə bağlı fikir gəlmirdi. Amma Masəri yaxşı, qabiliyyətli, fağır oğlan olaraq tanıyırdım. Düzdür, sonra elə də fağır olmadığını gördüm (gülür). Məsələni mənə başqa bir ailə dostumuzun vasitəsilə bildirdilər və mən də düşünmək üçün vaxt istədim".   "Sənə deyilən o məsələyə cavabın nə oldu?"   Masər bəy bu məqamda söhbəti bölərək, "amma, düşünməsi bir az uzun müddət çəkdi" deyib gülür: "Artıq Səbinə ilə söhbət edilib, hamımız onun cavabını gözləyirik. Səbinədən isə səs çıxmırdı. Nə "hə", nə də "yox" deyirdi.  Bir gün işdə oturmuşdum, yazdım ki, bəs sənə deyilən o məsələyə cavabın nə oldu? Səbinə də mesajı oxuyub, cavab vermədi. Üstündən bir az keçdi, "susmaq razılıq əlamətidir" yazdım. Səbinə isə "ola bilər" yazdı. Elə nə oldusa, həmin "ola bilər" sözündən sonra oldu (gülür)".

Beləcə, bir-birini daha yaxından tanımağa başlayan gənclərimiz evlənməyə qərar verirlər. Amma işin bir "əmması" var. Səbinənin ailəsi, xüsusilə də anası bu izdivaca razı olmur. Səbəb olaraq isə Masər bəyin fiziki məhdudiyyətli olmağını göstərir. Həm də, Səbinəni bacısı oğluna verməyi düşünürdü. Səbinə ailəsi ilə danışıb, xalası oğlu ilə yox, Masərlə evlənmək istədiyini deyir, amma bununla razılaşmaq istəmirlər.

"Ya bu işi tamamilə bitirək, ya da evlənək" 

Masər bəy deyir ki, Səbinənin ailəsinin irəli sürdüyü səbəbi aradan qaldırmaq üçün həkim müayinəsindən keçib və evlənmək üçün heç bir əngəl olmadığını sübut edib: "Bilirdim ki, fiziki məhdudiyyətli olduğum üçün razı olmurlar. Bir çox səbəblər, bəhanələr irəli sürüdülər. Qərara gəldim ki, həkim müayinəsindən keçim. Tibbi müayinənin cavabları evlənməyim üçün əngəl olmadığını göstərdi. Amma yenə də razı olmadılar. Səbinə ilə görüşməsək də, yazışırdıq. Bir gün dedim ki, ya bu işi tamamilə bitirək, ya da evlənək. Hiss etdim ki, Səbinə də mənimlə evlənmək istəyir" .   "Heç kimə bir kəlmə də demədik, ancaq ikimiz bilirdik"   Səbinə həmin dövrdə Masəri sevdiyini və onun təklifini qəbul etdiyini deyir: "Ailəm Masərlə görüşməyimizə icazə vermirdi. Bir dəfə gizlin görüşüb evlənmək üçün "ASAN" xidmətdə qeydiyyatdan keçdik və nikah günümüzü bəlli etdik. Mayın əvvəli qeydiyyat oldu, iyunun 12-nə gün verdilər. İnanın, o bir ayı necə həyəcanla keçirdiyimizi bir Allah bilir. Heç kimə bir kəlmə də demədik, ancaq ikimiz bilirdik. Nikah günü bir bəhanə ilə Masərin anası ilə bacısını ASAN xidmətə gətirdilər, amma təəssüf ki, mənim yanımda ailəmdən heç kim olmadı".


Xəbərə aid fotolar