BDU-da Aİ-nin Nizami layihəsi çərçivəsində onlayn konfrans zalının açılışı olub


Digərləri 07 Dek 2018 19:04:45 227 0

BDU-da Aİ-nin Nizami layihəsi çərçivəsində onlayn konfrans zalının açılışı olub

Bakı Dövlət Universitetində (BDU) Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Nizami layihəsi çərçivəsində istifadəyə verilən doktorantura üzrə onlayn konfrans zalının açılışı münasibətilə tədbir keçirilib.

Bakı. Bakı Dövlət Universitetində (BDU) Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Nizami layihəsi çərçivəsində istifadəyə verilən doktorantura üzrə onlayn konfrans zalının açılışı münasibətilə tədbir keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, BDU-nun rektoru vəzifəsini icra edən, professor İradə Əliyeva tədbiri açaraq universitetdə həyata keçirilən layihələrdən, təhsilin Avropa ali təhsil məkanına inteqrasiyasından bəhs edib. Bakalavr və magistratura təhsilinin Boloniya prosesinə uyğunlaşdırıldığını vurğulayan professor İradə Əliyeva, Avropa Birliyinin Nizami layihəsi çərçivəsində doktorantura təhsilinin də beynəlxalq təhsil sisteminə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb. Professor İradə Əliyeva, eyni zamanda, Prezident İlham Əliyevin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini qeyd edərək, Avropa İttifaqının Nizami layihəsinin bu proqrama töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Anar Kazımov Nizami layihəsinin əhəmiyyətindən, təhsilin doktorantura səviyyəsinin Boloniya təhsil sisteminə keçməsi ilə bağlı həyata keçirilən işlərdən bəhs edib.