“Biz də sifarişli işlərdə bunlardan istifadə edirdik”


Digərləri 07 Dek 2018 11:31:00 241 0

“Biz də sifarişli işlərdə bunlardan istifadə edirdik”

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan MTN generalları Sübahir Qurbanov və Teymur Quliyevin, onların əməkdaşları polkovnik Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun apellyasiya şikayətləri üzrə məhkəmə keçirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Sahibxan Mirzəyevin icraatında olan prosesdə Füzuli Əliyev ifadə verib.

O deyib ki, bu iş üzrə zərərçəkmiş kimi tanınan şəxslərin hamısı, həqiqətən də, cinayətkardırlar: "Acından ölən, hamıya borcu olanları sahibkar kimi təqdim eləyiblər. Onlar ya dövlət büdcəsini talamaqla məşğul olublar, ya da qaçaqmalçılıqla qızıl-brilyant, telefon gətiriblər. Aralarında dələduzluqla məşğul olan, ermənilərlə işbirliyində şübhəli bilinən bir neçə nəfər də vardı. Zərərçəkmiş kimi tanınanların əksəriyyəti məhkum olunub, bir hissəsi indi də həbsdədir. Bizdən sonra həbs olunanlar da var. Biz qanuni sahibkarlıqla məşğul olan heç kimin maraqlarına toxunmamışıq.

2014-cü ildə bizə tapşırıq verildi ki, ölkədə "obnaliçka"nın (büdcə vəsaitlərinin formal şirkətlər vasitəsilə nəğdləşdirilib ələ keçirilməsi) qarşısı alınsın. Bu prosesin arxasında da böyük qüvvələr dayanırdı. Bir tərəfdə qüdrətli dövlət təşkilatları, o biri tərəfdə qüdrətli sahibkarlar. Zəif həlqə ortadakı vasitəçi maklerlər idi. 

Gəmi təmiri ilə məşğul olan "Techmarine LTD" MMC-nin təsisçisi Arif Həsənov "əməkdar zərərçəkmiş"dir. O, Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Şahin Sultanovun üzünə durdu, prokurorluğun bir müstəntiqini işdən çıxartdırdı. Belələrinin sözü ilə dövlətinə, xalqına xidmət eləmiş zabiti şərləmək... Nə bilim vallah. Biz özümüz də sifarişli işlərdə sübut bazası yaratmaq üçün əlimizdə olan mənasız adamlardan, Arif Həsənov kimilərdən istifadə edirdik, bizə qarşı da elə elədilər". 

Digər zərərçəkən Rauf Həsənov ifadəsində deyib ki, bizə əməliyyat tapşırığı verilib və biz adamı tutub gətirib müstəntiqə təhvil vermişik. Zorla bu epizodu da bizim üstümüzə yükləyiblər. Allah göydən baxır axı".

İttihama görə, R.Həsənovdan MTN-də 300 min manat alınıb.