4-cü Azərbaycan-Belarus Biznes Forumu keçirilib (FOTO)


Digərləri 05 Dek 2018 21:47:10 238 0

4-cü Azərbaycan-Belarus Biznes Forumu keçirilib (FOTO)

“Bakutel-2018” beynəlxalq sərgi-konfransı çərçivəsində 4-cü Azərbaycan-Belarus Biznes Forumu keçirilib.

Bakı. “Bakutel-2018” beynəlxalq sərgi-konfransı çərçivəsində 4-cü Azərbaycan-Belarus Biznes Forumu keçirilib. Trend-in məlumatına görə, tədbirdə çıxış edən Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Belarus Respublikası Rabitə və İnformasiya Nazirliyi tərəfindən birgə təşkil olunan biznes forum Belarusun öz milli pavilyonu ilə təmsil olunduğu “Bakutel-2018” beynəlxalq sərgi-konfransı çərçivəsində keçirilir. O deyib ki, forumun keçirilməsi ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə təsadüf edir. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda Belarus Respublikasına etdiyi uğurlu rəsmi səfəri xüsusilə vurğulamaq istəyirəm. Bu səfər zamanı əməkdaşlıq sahələri üzrə bir sıra sənədlər imzalanıb ki, onlar arasında “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Respublikasının Rabitə və İnformasiya Nazirliyi arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu” da yer alıb. Əminəm ki, bu sənəd ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafına və möhkəmlənməsinə töhfə verəcək, biz isə bütün bunları həyata keçirəcəyik. Yuxarıda qeyd olunanlardan çıxış edərək bizim bugünkü forum əlavə məsuliyyət daşıyır və biz əməkdaşlığımızın inkişafı üçün istiqamətləri müzakirə etməli və müəyyənləşdirməliyik”. E.Vəlizadə qeyd edib ki, dövlətlərimizin İKT sahəsində intensiv əməkdaşlığı hər iki ölkənin potensialının gücləndirilməsinə və bütün sahələrdə qabaqcıl texnologiyaların, eləcə də, innovasiyaların tətbiqinə xidmət edir. Belarus Respublikasının Prezidenti yanında Operativ-təhlil mərkəzinin şöbə müdiri Serqey Jernosek çıxış edib. O bildirib ki, tədbirdə İKT sahəsində fəaliyyət göstərən hər iki ölkənin dövlət və özəl qurumları arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Tədbir zamanı Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyinin “Tətbiqi proqram sistemləri İnstitutu” respublika elmi-mühəndis unitar müəssisəsi ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumun əsas məqsədi Avropa İttifaqının “EU4Digital” proqramı çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinin rəqəmsal bazarların uyğunlaşdırılması ilə bağlı birgə layihələrin işlənməsi və həmin layihələrin təşviqi üzrə əməkdaşlıq etməkdir. Bu əməkdaşlıq çərçivəsində regionlararası proqram çərçivəsində layihələrin planlaşdırılması və “EU4Digital” proqramında olan layihələrin (e-ticarət, e-logistika və s.) həyata keçirilməsi, Belarus Respublikası və Azərbaycan Respublikasında rəqəmli sistemlərin və xidmətlərin təşviqinə həsr olunmuş, etibarlı xidmətlər, elektron ticarət, logistika və rəqəmsal nəqliyyat dəhlizləri üzrə yerli layihələrin fəallığının və marketinq məsələlərinin birgə təşkili, birgə təkliflərin hazırlanması və çox istiqamətli layihə konsorsiumunun formalaşdırılması daxil olmaqla, “EU4Digital” proqramında olan layihələrin Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilməsinə dair işlərin koordinasiyası və səylərin birləşdirilməsidir. Həmçinin, bir il müddətində qüvvədə olacaq Memoranduma əsasən, tərəflər etibarlı xidmətlər, e-ticarət, e-logistika və s. sahələrdə bilik və təcrübə mübadiləsinin aparılması, birgə tədbirlər və layihələr çərçivəsində müvafiq sahələrdə mövcud normativ sənədlər və texniki standartlar barədə məlumat mübadiləsi, “EU4Digital” seminarlarında sahələr üzrə mütəxəssislərin iştirakının təmini və s. məsələlər üzrə razılıq əldə edib.