Finlər niyə danışmağı sevmir?


Digərləri 04 Dek 2018 23:05:00 231 0

Finlər niyə danışmağı sevmir?

Ən yaxın dostum Hanna ilə Helsinkiyə ilk səfərimdə tanış olmuşdum. Şəhərdə heç bir tanışım yox idi və söhbət etmək üçün bir dosta ehtiyacım var idi. Adi bir kafedə başlayan görüşümüz bir neçə saat davam etmişdi.

Bəzi dostluqlarda siyasət, din, seks və həyat barəsində uzun-uzadı söhbətlərə keçmək üçün bir-birini yaxşı tanımaq lazım gəlir. Biz isə sadalanan bütün mövzuların müzakirəsini bir neçə saata sığdıra bilmişdik.

Cəmi bir il sonra isə onun toyunda gəlinin ən yaxın rəfiqəsi qismində çıxış edirdim.

"Laura," necə bu qədər az müddətdə yaxın dost ola bildiyimiz barədə ona verdiyim suala cavab verərkən demişdi, "finlər boş söhbət etməyi sevmirlər."

Amma bir şeyi vurğulamağı unutmuşdu. Belə ki, finlər müzakirə üçün mühüm mövzu olmadıqda söhbət etməyə ehtiyac duymurlar. Onların bir milli məsəlində deyildiyi kimi, "Danışmaq gümüşdürsə, susmaq qızıldır".

Yaxın dostlar arasında sosial vəziyyətlərin müzakirəsindən əlavə xırda söhbətlər, ümumiyyətlə, mövcud deyil.

Bəs qəhvə sifariş verərkən barista ilə söhbət? Sifariş edəcəyin qəhvənin adını söyləmək qədər qısa və lakonik.

Yad birinin diqqətini cəlb etmək üçün oturmaq, yerimək və ya ayaq üstə durmaq kimi müxtəlif hərəkətlər necə? Heç vaxt görə bilməzsən.

Əgər xaricisənsə, təbriklər! Onların adətən sükuta qərq olan ictimai nəqliyyatında yəqin ki, ən səs-küylü sərnişin sən olacaqsan.

Ölkədə saunaların sayı iki milyona yaxındır və insanlar ondan tamamilə çılpaq şəkildə həzz alırlar (adətən qadın və kişilər üçün ayrı olur). Və finlər üçün bu problem deyil. Əksinə daha səmimi və yaxın olurlar. Amma elə ki, paltarlar geyinilir, vəziyyət əvvəlki soyuq halına qayıdır.

Finlərin milli məsəllərindən birində deyilir ki, danışmaq gümüşdürsə, susmaq qızıldır

Finlər adətən bizim mədəniyyətlərə hopan bəzi söhbət vərdişlərindən uzaq dururlar və xarici həmkarları, turistlər və dostları ilə görüşmək ehtiyacı hiss etmirlər.

Lapland regionunun Sodankyla qəsəbəsindən keçmiş ingilis dili müəlliməsi Tiina Latvala izah edir ki, işinin bir hissəsi də gənc tələbələrinə kiçik söhbət anlayışını öyrətmək olub.

"Məsələn, ilk tanışlıq kimi dərslərimiz olurdu," Latvala deyir.

"Sinifdə qəhvəxanada və ya avtobusda heç tanımadığın biri ilə söhbət etmək tapşırığı verirdim. Mövzu tapmaqda çətinlik çəkməsinlər deyə lövhəyə mövzular da yazırdım. Adətən şagirdlərə müzakirə-söhbət çox çətin gəlirdi."

Helsinkidə təhsil alan 18 yaşlı tələbə Alina Jefremoff da oxşar formatlı dərsləri xatırlayır.

Televiziya və filmlər sayəsində (demək olar ki, əksəriyyəti ingiliscə verilir) o, başqa kommunikasiya bacarıqları haqqında anlayışa yiyələnib. Hətta indinin özündə belə, onlara bənzəri ev tapşırıqları verilir.

"Onlar adətən sadə söhbətdən ibarət olurdular," o izah edir.

"Cavabları adi olan suallar verilirdi. Bizə, 'Mən yaxşıyam, sən necəsən?'; 'Anan necədir?' kimi suallara cavab vermək öyrədilirdi. Söhbətə etməyin yolu aydındır, sanki heç bilmirdik. Çox qəribə olurdu bu söhbətlər... sanki sualların müəyyən cavabları var idi."

Finlərin sauna mədəniyyəti onların səmimi ola bildiyini göstərir. Amma elə ki, paltarlar geyinilir, vəziyyət əvvəlki soyuq halına qayıdır

Fin cəmiyyətinin daha istiqanlı görmək haqqında suala Jefremoff gülməli bir hərəkəti misal çəkərək cavab verdi. Məsələn, metroda kitabları əlindən yerə atdıqda o, insanların bu vəziyyətin gülməli olduğunu qəbul edib, gülümsəməsi və ya bir söz deməsini arzulayır.

Tanımadığın insanlarla sosial əlaqə qurmaq bəs necə? Onlara bu öyrədilməyib.

Fin mədəniyyətinin sükunət sevgisi barədə suallara cavablardan daha çox fərziyyələr mövcuddur.

Latvala inanır ki, burada fin dilinin mürəkkəbliyi və şəhərlər arasındakı uzun məsafələr rol oynayır (Latvala ikinci fərziyyəsini belə əsaslandırır: Kimisə görmək üçün uzun məsafə qət etmisənsə, məqsədinə köklənmək lazımdır. Başqa şeylər üçün vaxt itirməyə nə hacət?)

Lakin Helsinki Universitetində Avropa tarixindən dərs deyən professor Laura Kolbe məsələyə müqayisəli obyektivdən baxır.

O deyir ki, finlər sakitçilikləri və ya xırda söhbət çatışmazlığını neqativ qiymətləndirmirlər. Əksinə, hər bir mədəniyyət digərlərini sosial normaları əsasında mühakimə edir. Buna görə də emosional millətlər arasında səssiz finlər stereotipi geniş yayılıb.

"Səssizlik ideyası daha çox finlərin yaxın qonşuları arasında hökm sürür," o izah edir.