“Regional İnkişaf” İctimai Birliyi könüllülərinin birinci ümumrespublika konfransı keçirilib


Digərləri 04 Dek 2018 18:18:00 254 0

“Regional İnkişaf” İctimai Birliyi könüllülərinin birinci ümumrespublika konfransı keçirilib

Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində "Regional İnkişaf" İctimai Birliyi (RİİB) könüllülərinin birinci ümumrespublika konfransı keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, konfransdan əvvəl tədbir iştirakçıları könüllülərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə ölkənin müxtəlif bölgələrini təmsil edən gənclərin rəsm və tikmələri, o cümlədən qədim şəbəkə sənəti üzrə nümunələr və tullantılardan hazırlanmış əsərlər təqdim edilib. Eksponatlar arasında, eyni zamanda, RİİB-in fiziki imkanları məhdud könüllülərinin əl işləri də yer alıb.

Konfrans "Regional İnkişaf" İctimai Birliyinin könüllülük fəaliyyətinə dair videoçarxın nümayiş etdirilməsi ilə başlayıb.

Tədbirdə RİİB-in könüllüləri qazandıqları təcrübə barədə fikirlərini bölüşüb, İctimai Birliyin yeni layihələrini təqdim ediblər.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təsis olunan "Regional İnkişaf" İctimai Birliyinin əsas məqsədi ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda layihələr reallaşdırmaq, ictimai nəzarəti həyata keçirmək, ölkədə aparılan islahatlara, o cümlədən dövlət tərəfindən regionların inkişafına yönəlmiş tədbirlərə geniş dəstək göstərməkdir.

RİİB-in nümayəndəsi Cəmil Əliyev bildirib ki, hazırda təşkilatın fəaliyyəti bütün respublika ərazisini əhatə edir və onun 9 regional mərkəzi yaradılıb. İctimai Birliyin fəaliyyətində bölgələr üzrə 500-dək könüllü iştirak edir.


Xəbərə aid fotolar