15 il Rusiyada həbsdə yatan azərbaycanlı aclıq edir:


Digərləri 03 Dek 2018 20:44:00 307 0

15 il Rusiyada həbsdə yatan azərbaycanlı aclıq edir:

Rusiyanın Saratov vilayətində xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzində Azərbaycan vətəndaşı aclıq edir.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu şəxs zorlama və quldurluq cinayətlərinə görə 15 il həbs cəzası alıb. Həbs müddətini başa vurduqdan sonra onu Azərbaycana deportasiya etmək üçün xarici vətəndaşların Engelsdəki müvəqqəti saxlanma mərkəzinə yerləşdiriblər.

Məsələ bundadır ki, həmin şəxs Tofiq Həsənov kimliyi ilə tutulub və cəza çəkib. İndi isə deyir ki, əslində o Tofiq Həsənov deyil, Azər İsmayılovdur.

"Məni Tofiq Həsənov ad-soyadı altında saxlayırlar. Əslində isə mən həmin adam deyiləm. Sənədlərim var ki, mən Azər İsmayılovam. Bunu barmaq izləri də təsdiq edir. 11 gündür ki, aclıq edirəm. Halım pisdir. Münaqişə baş verdi, mənə qarşı güc tətbiq etməyə çalışdılar və aclığa başladım"-bu şəxs yerli informasiya portallarından birinə göndərdiyi müraciətində deyir.

İsmayılov, yaxud Həsənov deyir ki, onu bir ay əvvəl Engelsdəki 13 saylı həbsxanadan çıxarıblar və mərkəzə yerləşdiriblər. "15 il məni Həsənov kimi saxlayıblar, sonra deportasiyam barədə sənədlər tərtib ediblər. Hazırda mənim əlimdə Azərbaycandan kağız var ki, onlarda Tofiq Həsənov adında belə adam yoxdur"-bu şəxs bildirir.