Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgisinin açılışında iştirak edib (FOTO)


Digərləri 03 Dek 2018 19:26:00 273 0

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgisinin açılışında iştirak edib (FOTO)

Bakıda fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi–Yarmarkası keçirilir

Bakı. Dekabrın 3-də Beynəlxalq Əlillər Günü ilə əlaqədar Bakı şəhərində, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi–Yarmarkası işə başlayıb. Tədbirin təşkilatçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib, burada nümayiş olunan əl işlərinə baxıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sərgi barədə ətraflı məlumat verib. Bildirilib ki, üç gün davam edəcək tədbirdə ölkəmizin müxtəlif bölgələrindən fiziki məhdudiyyətli 250 nəfərdən çox şəxsin hörmə, rəsm, toxuma, xalçaçılıq, dulusçuluq-keramika məmulatları, ağac üzərində oyma, müxtəlif incəsənət və məişət nümunələri, bədii tikmələrdən ibarət 1500-dən çox əl işi nümayiş olunur. Sərgidə, eyni zamanda, əl işlərinin satışı təşkil edilib. Bu da əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların yaradıcı əməyinin maddi baxımdan stimullaşdırılması məqsədi daşıyır. Leyla Əliyeva əl işlərinin müəllifləri olan fiziki məhdudiyyətli şəxslərlə və sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb, onlarla səmimi söhbət edib. S.Babayev əlilliyi olan insanların istedad və bacarıqlarının cəmiyyətə tanıdılması və dəstəklənməsi, onların yaradıcılıq potensiallarına ictimaiyyətin diqqətinin artırılması məqsədilə təşkil olunan belə tədbirlərə hələ 1990-cı illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlandığını vurğulayıb. O, 1998-ci il noyabrın 30-da əlilliyi olan şəxslərin ilk ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsinin yekun tədbirində Ulu Öndərin dediyi bu sözləri xatırladıb: “Hər bir insanın cəmiyyətdə özünün daxilində olan imkanlardan istifadə etməsi üçün, öz istedadını nümayiş etdirməsi üçün ona şərait yaratmalıyıq”. Bu, ötən dövrdə dövlətimizin sosial siyasətində öz əməli təsdiqini tapıb. Prezident İlham Əliyevin xüsusi qayğısı ümumən fiziki məhdudiyyətli insanların sosial təminatlarının gücləndirilməsində, onların reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsində əhəmiyyətli addımların atılmasına imkan yaradıb. Beynəlxalq Əlillər Gününün cari ildəki mövzusunun “Əlilliyi olan şəxslərin imkanlarının genişləndirilməsi, inklüzivliyin və bərabərliyin təmin edilməsi” olduğunu qeyd edən nazir bu gün əlilliyi olan insanların reabilitasiyası, öz fiziki məhdudiyyətlərinə qalib gələrək daim özlərinə güclü inam hissi ilə ictimai-mədəni həyatda fəal iştirak etmələri üçün çoxşaxəli işlər aparıldığını deyib. O, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mühüm sosial əhəmiyyət kəsb edən nəcib və xoşməramlı layihə və təşəbbüslərinin digər həssas qruplarla yanaşı, əlilliyi olan insanları da əhatə etdiyini vurğulayıb. S.Babayev Heydər Əliyev Fondunun fiziki məhdudiyyətli insanların sosial reabilitasiyası işlərinə dəstək tədbirlərinin əhəmiyyətini diqqətə çatdırıb.