Küveytdə Ərəb Xəbər Agentlikləri Təşkilatı Baş Assambleyasının 46-cı konfransı keçirilib (FOTO)


Digərləri 03 Dek 2018 17:06:00 336 0

Küveytdə Ərəb Xəbər Agentlikləri Təşkilatı Baş Assambleyasının 46-cı konfransı keçirilib (FOTO)

Dekabrın 2-3-də Küveytin paytaxtı əl-Küveyt şəhərində Ərəb Xəbər Agentlikləri Təşkilatının (FANA) Baş Assambleyasının 46-cı konfransı keçirilib.

Bakı. Dekabrın 2-3-də Küveytin paytaxtı əl-Küveyt şəhərində Ərəb Xəbər Agentlikləri Təşkilatının (FANA) Baş Assambleyasının 46-cı konfransı keçirilib. Küveytin Baş naziri Cabir Mübarək əl-Həməd əs-Sabahın himayəsi ilə keçirilən tədbirdə üzv agentliklərin rəhbərləri, o cümlədən Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) və Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov və agentliyin ərəb dilində informasiya bölməsinin müdiri Şıxəli Əliyev iştirak ediblər. Konfransın açılışında çıxış edən Küveytin informasiya və gənclər üzrə dövlət naziri Məhəmməd əl-Cəbri bu gün dünyada sürətlə cərəyan edən hadisələrin, ortaya çıxan çağırışların mediaya təsirsiz ötüşmədiyini, bəzi mənfi təmayüllərin yaranmasına səbəb olduğunu bildirib. Nazir qeyd edib ki, xəbər agentlikləri cəmiyyətlərin sabitliyini pozmağa, insanlarda çaşqınlıq yaratmağa yönəlmiş yalan xəbərlərə qarşı sipər olmalıdırlar. Küveytli nazir AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanova dəvəti qəbul edərək konfransda iştirak etdiyinə görə təşəkkürünü bildirib. Daha sonra FANA-nın prezidenti, Küveytin KUNA xəbər agentliyinin İdarə Heyətinin sədri Şeyx Mübarək Dueyc əl-İbrahim əs-Sabah və FANA-nın baş katibi Fərid Əyyar çıxış edərək konfransda müzakirə olunacaq məsələlər barədə məlumat verib, iştirakçıları fəal diskussiyalara çağırıblar. Açılış mərasimindən sonra nümayəndələr KUNA-nın təşkil etdiyi fotosərgi ilə tanış olublar. Sonra konfrans işçi iclaslarla davam edib. Birinci işçi iclasda FANA-nın illik fəaliyyəti barədə məruzə təqdim edilib və qarşıda duran problemlər, o cümlədən təşkilatın büdcəsi, treninq proqramlarında iştirak məsələləri barədə müzakirələr aparılıb.