Sayğaclar: yeni tikililərin köhnə dərdi


Digərləri 03 Dek 2018 11:54:00 371 0

Sayğaclar: yeni tikililərin köhnə dərdi

Bu gün paytaxtın bütün ərazilərində çoxmərtəbəli binalar inşa edilir

. Bu binaların inşa edilməsi bir tərəfdən rahatlıq yaratsa da, digər tərəfdən özü ilə birlikdə problemlər də gətirib. Yeni tikililərdə ev sahibi olan bir qrup sakin isə deyir ki, pul verib ev alıblar, amma elə bil kirayədə yaşayırlar. Bu isə məsələnin bir başqa tərəfi.

Müxtəlif tikinti şirkətləri (MTK) tərəfindən inşa edilən binalarda yaşayan sakinləri birləşdirən problemlərdən biri də sayğac məsələsidir. Sakinlərin sözlərinə görə, bir binada işıq, su, qaz sayğaclarına görə mənzil sahiblərindən 800 manat alınırsa, bir başqa binada bu qiymət 850, hətta 1000 manat belə ola bilir.

Təbii ki, burada sual doğuran məqam fərqli qiymətlərin səbəbidir. Sayğaclar funksiyalarına, növlərinə görə fərqli ola bilər. Bəs görəsən, bütün bu fərqlər nəzər alınmaqla, sayğacların rəsmi qiymətləri nə qədərdir?

Bu gün MTK-lar rəsmi qurumlara müraciət edərkən texniki şərt əsasında sayğacları hansı qiymətə alır? Müqavilədə bu göstərilirmi? MTK-lar sayğacların keyfiyyət-kəmiyyət fərqində bina sakinlərinə seçim hüququ tanıyırmı? Nəhayət, sayğacları alan MTK-lar bunu bina sakinlərinə hansı qiymətə satır?

Məsələ ilə bağlı oxu.az "Azərsu" ASC ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, MTK-lar onlara rəsmi müraciət edir və verilən texniki şərtə uyğun şəkildə işlər görürlər:

"Bu gün yeni tikilən binalarda su, qaz, elektrik xətlərinin çəkilməsi MTK-lar tərəfindən həyata keçirilmir. Onlar verilmiş texniki şərtlərə uyğun olaraq standartlara uyğun şəkildə binanın daxili paylayıcı su və kanalizasiya xətlərini, ehtiyat su anbarlarını inşa edirlər.

Eyni zamanda, texniki şərtin tələblərinə uyğun olaraq həmin binalara "Azərsu" ASC-nin laboratoriyasında yoxlanılmış və ölkə daxilində istifadəsinə icazə verilən sayğaclar quraşdırılır. Hazırda yeni tikilən çoxmənzilli binalara yalnız smart-kart tipli su sayğacların quraşdırılmasını nəzərdə tutan texniki şərt verilir".

A.Cəbrayıllı onu da qeyd edib ki, "Azərsu" ASC tərəfdən smart su sayğaclarının birinin qiyməti quraşdırılma xərcləri daxil olmaqla, 247 manat 23 qəpiyə başa gəlir:

"Bu gün yeni tikililərdə yalnız yeni nəsil su sayğaclarından istifadə edilir. Yəni "Azərsu" ASC ilə MTK-lar arasında müqavilə bağlandıqdan sonra bir sayğaca görə bizim hesaba 247 manat 23 qəpik ödəniş olunur və sayğaclar quraşdırılıb təhvil verilir. Qurum hər hansı sakindən sayğac pulu tələb etmir. Bu prosedurun digər hissəsi birbaşa MTK-lar və bina sakinləri arasında tənzimlənir.

MTK sayğacın pulunu satdığı mənzilin qiymətinə daxil edir və ya sakinlərdən toplayır, sayğacların qiymətlərini neçədən hesablayır, buna görə "Azərsu" ASC heç bir məsuliyyət daşımır".

A.Cəbrayıllı onu da deyib ki, MTK-lar sayğacı müstəqil şəkildə də quraşdıra bilər. Bir şərtlə ki, həmin sayğaclar laboratoriyadan keçməlidir və onun düzgün işləməsinə rəy verilməlidir.

"Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevin sözlərinə görə, hər bir MTK sahibi qaz təminatından danışarkən inşa etdiyi binalardakı mənzilləri vətəndaşlara bütün kommunikasiya xətlərini, o cümlədən qaz kəmərlərini çəkildikdən, sayğaclar quraşdırdıqdan, binanın istismara qəbul olunması barədə müvafiq qurumların rəyini "Azəriqaz" İB-yə təqdim edib qazın açılmasının təmin olunmasından sonra satmalıdır: