“Xəyanət bəzən ailəni möhkəmləndirir”


Digərləri 02 Dek 2018 19:34:00 265 0

“Xəyanət bəzən ailəni möhkəmləndirir”

Aldatmaq və xəyanət, demək olar ki, insan cəmiyyətinin yarandığı ilk zamanlardan günümüzə qədər aktualdır. Həmçinin insanı xəyanət etməyə sövq edən səbəblərin nələr olduğu daima müzakirə mövzusu olub. Son dövrlərdə isə qadın xəyanətləri daha çox aktuallaşıb. Buna səbəb kimi isə qadınların iş həyatına aktiv şəkildə daxil olması, cəmiyyət işlərində fəal iştirak etməsi göstərilir. Həmçinin kişilərin ictimai-sosial hegemoniyasının zəifləməsi, qadının öz ayaqları üstündə dura bilməsi, kişilərin qarşı cinslə münasibət qurmasının asanlaşması kimi faktorlar səbəb gətirilir.

Xəyanətin konkret dəqiqləşmiş tərifi olmadığına görə, bu vəziyyət hər insanın düşüncə tərzindən asılı olaraq dəyişir. Bəziləri üçün yalnız cinsi münasibət aldatma sayılsa da, kimiləri üçünsə gizli bir görüş, qarşı cinslə olan adi onlayn söhbət və ya emosional yaxınlıq belə, aldatma kimi qəbul edilə bilir.

Son.az bildirir ki, psixoloq, məsləhətçi Zeynəb Əyyubova Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, xəyanət əsrin ən böyük bəlalarından biridir. Xəyanət indiki dövrdə o qədər aktuallaşıb və gündəmə gəlib ki, artıq demək olar, hər evə siraət edib.

Psixoloq xəyanətin səbəblərinə də aydınlıq gətirib: "Nəzərə alsaq ki, xəyanət iki növ olur, fiziki və mənəvi xəyanət. Bu səbəbdən də qadın ilə kişi xəyanəti tamam başqa səbəblər ucbatından edir. Statistikaya görə, kişilər dəb halı aldığı və özlərini özgüvənli hiss etmək üçün xəyanət edir. Qadinlar isə qayğı, diqqət, sevgi əskikliyindən dolayı xəyanət edirlər".

Z.Əyyubova bildirir ki, xəyanəti hiss etməyin bir neçə yolu var: "Evdən kənarda daha çox vaxt keçirmək, həyat yoldaşınızın əvvəlki kimi olmaması, yeməyi, geyim tərzi, yuxu sisteminin dəyişilməsi və s. həyəcan siqnalı ola bilər. Cinsi münasibətdə dəyişiklik varsa, bu da aldatmanın əlaməti ola bilər. Həftə sonları iş gəzintiləri bəhanələri, tez-tez lazımsız yerə yalan danışması, telefonunu gizlətməsi ilə də xəyanəti hiss etmək olar".

Psixoloq xüsusilə vurğulayır ki, bütün bu əlamətlərin müşahidə edilməsi qarşı tərəfin xəyanət etdiyinə əminlik yaratmamalıdır. Çünki bütün ailələr individualdır və xüsusi yaşayış tərzi var.