Müasir oftalmologiya elminin son nailiyyətləri müzakirə edilib


Digərləri 02 Dek 2018 15:24:43 231 0

Müasir oftalmologiya elminin son nailiyyətləri müzakirə edilib

Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafı, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm işlər görülür.

Bakı. Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafı, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm işlər görülür. Bu mənada muxtar respublikada oftalmoloqların peşəkarlıqlarının artırılması və müasir oftalmologiya elminin son nailiyyətlərindən istifadə də diqqət mərkəzindədir. Trend xəbər verir ki, bu fikirləri Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə Naxçıvanda Azərbaycanın gənc oftalmoloqlarının “Müasir oftalmologiya elminin son nailiyyətləri və problemlər” mövzusunda keçirilən XII elmi-praktik konfransında səsləndirib. O qeyd edib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, səhiyyənin inkişafı istiqamətində də mühüm işlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə səhiyyə sisteminin yenidən qurulması, müasir standartlara uyğunlaşdırılması, səhiyyə infrastrukturunun və maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində ardıcıl iş aparılır. Bununla yanaşı, ixtisaslı tibbi kadrların hazırlanması da diqqət mərkəzində saxlanılır. Həkimlər müxtəlif ixtisasartırma kurslarına cəlb olunurlar. Həmçinin müxtəlif mövzularda konfranslar təşkil edilir, birgə müayinələr və cərrahi əməliyyatlar aparılır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yüksəkixtisaslı həkim briqadalarının yerli həkimlərlə birgə hər il çoxlu sayda müxtəlif cərrahi əməliyyatları uğurla həyata keçirmələri muxtar respublika əhalisinin sağlamlığının qorunmasında, həm də yerli həkimlərin təcrübələrinin artırılmasında əhəmiyyətli rola malikdir. Səhiyyə naziri Azərbaycan gənc oftalmoloqlarının XII konfransının muxtar respublikamızda keçirilməsinin ölkəmizin Gənclər Paytaxtı seçilmiş Naxçıvanda oftalmologiyanın inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.