Əmlak girovu ilə krediti hansı banklar verir


Digərləri 01 Dek 2018 08:54:00 377 0

Əmlak girovu ilə krediti hansı banklar verir

Bankların müştərinin rəsmi gəlir əsasında ayırdığı istehlak kreditlərinin maksimal limiti adətən 15 - 20 min manat civarında olur. Müvafiq kreditlərin rəsmiləşdirilməsi zamanı kredit ya təminatsız ya da fiziki şəxsin zaminliyi ilə verilir. Həmçinin bu növ kreditlərin rəsmiləşdirilməsi zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının sağlam kreditləşmə prinsiplərinin qorunması məqsədilə Banklara tövsiyyə etdiyi DTİ (debt to income) əmsalı da nəzərə alınır. Bu əmsalın prinsipinə əsasən müştərinin aktiv borc öhdəlikləri üzrə aylıq ödənişlərin cəmi onun rəsmi xalis gəlirinin maksimum  50%-i həcmində ola bilər.

Son.az fed.az-a istinadən xəbər verir ki, əgər müştərinin rəsmi xalis gəliri ölkə üzrə yaşayış minimumunun (bu göstərici 2018-ci il üzrə 173 AZN təşkil edir) 3 mislindən azdırsa bu əmsal 40% olaraq nəzərə alınmalıdır. Bu əmsalın tətbiq edilməsi , həmçinin Bankların bəzilərinin də öz növbəsində tətbiq etdiyi risk alətləri müştərinin daha çox məbləğdə kredit əldə etməsinə maneçilik törədir. Lakin təminatı qismində daşınmaz əmlak girovu olan kreditlərdə Banklar kredit şərtlərini daha loyal təyin edirlər. Səbəb həm MBNP-nın bu tip kreditlər üzrə DTİ əmsalı tələbini tətbiq etməməsi həm də tam təminatlı kreditlərin daha risksiz kreditlər kimi təsnifləşdirilməsidir.

Daşınmaz əmlak təminatı ilə rəsmiləşdirilən kreditlər üzrə maksimal məbləğ adi istehlak kreditlərindən 3-4 dəfə daha yüksək olur. Kredit daha uzunmüddətli və daha aşağı faizlə təklif edilir. Lakin bir məqamı da unutmaq olmaz ki, bu növ kreditlərdə ərizəçinin rəsmi gəlirinə qarşı olan tələb öz qüvvəsində qalır. Yəni , daşınmaz əmlak təminatı ilə kreditləri yalnız rəsmi iş yeri olan və gəliri arayış, çıxarış və s.sənədlərlə təsdiq edilən şəxslər əldə bilərlər. İlk öncə girov qoyulan əmlak qiymətləndirmə şirkəti və ya bankın müvafiq departamenti tərəfindən qiymətləndirilir. Likvidlik baxımından banklar daha çox yeni və köhnə tikili mənzillərin girov qismində götürülməsində maraqlıdırlar. Bağ evləri, torpaq sahələri, obyekt və s. kimi əmlakların girov götürülməsi arzuolunan deyil. Adətən əmlaka qoyulan qiymətin maksimum 70-80%-i həcmində kreditlər ayrılır ki, bu da kredit müddəti ərzində baş verə biləcək fors major (inflyasiya, devalvasiya və s) hallarına qarşı olan risk alətidir. Statistik məlumatlara əsasən bu növ kreditlərin qaytarılmama və gecikmə riski çox aşağıdır. Müştəri tərəfindən hansısa bir məsuliyyətsizlik və ya ödəniş qabiliyyətinin itirilməsi halında banklar müqavilə şərtlərindən irəli gələn hüquqla məhkəməyə müraciət edib əmlakı satışa çıxara və satışdan əldə edilən pulun kredit borcunun ödənilməsinə yönləndirə bilərlər.