Media nümayəndələri AzərbaycanTürkiyə münasibətlərinin gələcək inkişafını müzakirə etdilər


Digərləri 30 Noy 2018 18:14:00 260 0

Media nümayəndələri AzərbaycanTürkiyə münasibətlərinin gələcək inkişafını müzakirə etdilər

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı media təmsilçilərindən ibarət 15 nəfərlik nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankara şəhərinə səfər proqramı davam edir.

Son.az xəbər verir ki, Fonddan Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin üzvləri Türkiyə Radio və Televiziya Üst Qurumunda (RTÜK) olublar. RTÜK başqanı İlhan Yerlikaya rəhbərlik etdiyi qurum barədə məlumat verib. Həmçinin RTÜK-ün Azərbaycanda uyğun qurumlarla əlaqələrindən bəhs edərək, münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

Fondun icraçı direktoru, nümayəndə heyətinin rəhbəri Vüqar Səfərli media təmsilçilərinin Ankaraya səfərinin məqsədi, həmçinin Azərbaycanda KİV-in durumu və KİVDF-nin fəaliyyəti barədə məlumat verib. V.Səfərli Türkiyə-Azərbaycan media qurumları arasında münasibətlərin inkişaf etdirilməsi üçün təkliflərini səsləndirib.

Azərbaycan Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin informasiya və mətbuat orqanları ilə iş sektorunun müdiri Cəmaləddin Quliyev, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Xalq" qəzetinin baş redaktoru Həsən Həsənov, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Azərbaycan və Türkiyə KİV-ləri arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları barədə fikirlərini bölüşüblər.


Xəbərə aid fotolar