Nazir: "Ölkəmizin mədəni xidmətlərini müasir tələblər səviyyəsində təqdim etməliyik"


Digərləri 30 Noy 2018 18:00:00 280 0

Nazir: "Ölkəmizin mədəni xidmətlərini müasir tələblər səviyyəsində təqdim etməliyik"

"Ölkəmizin zəngin mədəni sərvəti var və biz bu mədəniyyəti, mədəni xidmətləri günün müasir tələbləri səviyyəsində təqdim etməliyik".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş respublika müşavirədə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayevin sözlərinə görə, son illərdə həyata keçirilən islahatlar nəticəsində mədəniyyət sahəsinin inkişaf səviyyəsi, idarəçiliyinin təkmilləşdirilməsi daha da yüksəlib.

Nazir bildirib ki, bu gün Azərbaycan mədəniyyəti dünyada geniş miqyasda təbliğ olunur. Bu günlərdə mədəni irsimizlə bağlı daha iki nümunə - Yallı rəqsi və "Dədə Qorqud" dastanı ilə bağlı nominasiyalar bəşəriyyətin xəzinəsinə daxil edilib.

Ə.Qarayev qeyd edib ki, ötən illər qeyri-maddi mədəni irsimizin nümunələri - Azərbaycan muğam ifaçılığı, aşıq sənəti, xalça sənəti, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, Novruz bayramı, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına, çövkən - ənənəvi Qarabağ atüstü oyunu isə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Həmçinin İçərişəhər və Qobustan UNESCO-nun Dünya İrsi Siyahısına salınıb.