Deputat Elzanı müdafiə etdi:


Şou-biznes 30 Noy 2018 16:44:00 312 0

Deputat Elzanı müdafiə etdi:

Xalq artisti Rasim Balayevin Əməkdar artist Elza Seyidcahanı sərt tənqid etməsi barədə məlumat vermişdik. Xalq artisti CVN TV-də çıxışı zamanı zövqlərin korlandığını, televiziyalardakı özbaşınalığın artdığını qeyd edib.

"Elza Seyidcahan şeirlər oxuyur. Ona deyən yoxdur ki, get, işinlə məşğul ol. Sən şair deyilsən", - deyə Rasim Balayev vurğulayıb.

Son.az yeniavaz.com-a istinadla xəbər verir ki, deputat, akademik, filologiya elmləri doktoru Nizami Cəfərov məsələyə münasibət bildirib.

N. Cəfərov Rasim Balayevdən fərqli olaraq Elza Seyidcahanın şeirləri haqqında müsbət fikirdə olduğunu bildirib: "Bu, heç söhbət deyil. Elza Seyidcahana heç kim "sən şair deyilsən" deyə bilməz. Niyə? Ona görə ki, ümumiyyətlə heç kimə, yazı yazana, şeir yazana "sən şair deyilsən" demək olmaz. Ona qalsa, dünyada da, Azərbaycanda da çox məşhurlaşan şairlər olub ki, şair deyillər. Ya kimin üçünsə şair deyillər, ya ümümi böyük sənət dəyərləri baxımından şair deyillər. Ona görə də bu, absurd söhbətdir".

Millət vəkili Nizami Cəfərov əməkdar artist Elza Seyidcahanın zəngin düşüncəli bir xanım olduğunu deyib: "Elza Seyidcahan çox hissiyatlı, çox zəngin düşüncəli bir xanımdır. Musiqisi ilə yanaşı, yaxşı oxumağı ilə yanaşı, həm də çox məzmunlu bir xanımdır. İndi kim Elza Seyidcahandan hansısa şairlik standartları tələb edir və ya onun özü şairlik iddiasındadırmı, gəlib Azərbaycan şairlərinə başçılıqmı etmək istəyirmi biz ona deyək ki, sən şair deyilsən? Ona görə də ümumiyyətlə heç kimə elə demək olmaz. Axı Rasim Balayev müdrik adamdır, istedadlı adamdır, şeir, ədəbiyyat nədir onu bilən adamdır. Belə adamlar gərək elə söz deyəndə bir az həssas olsunlar. Mən heç vaxt istəməzdim ki, Elza Seyidcahana elə bir söz deyilsin".