Azərbaycan-BƏƏ iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə edilib


Digərləri 29 Noy 2018 15:58:10 283 0

Azərbaycan-BƏƏ iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti BƏƏ-də səfərdə olub.

Bakı. İqtisadiyyat naziri, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti BƏƏ-də səfərdə olub. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti BƏƏ-nin Baş nazirinin müavini, Prezident işləri üzrə nazir Şeyx Mənsur bin Zayed Əl-Nahyan, iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Sultan Bin Səid Əl Mənsuri, eləcə də enerji və sənaye naziri Sühail Məhəmməd Fərəc əl Məzrui ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycan və BƏƏ arasında mövcud olan yüksək səviyyəli siyasi münasibətlərin və həyata keçirilən qarşılıqlı səfərlərin ikitərəfli iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün əlverişli imkanlar açdığı, Azərbaycanın BƏƏ ilə iqtisadi əməkdaşlığın inkişafına önəm verdiyi vurğulanıb. Qeyd edilib ki, 2017-ci ildə Azərbaycanın BƏƏ-dəki Səfirliyində ticarət nümayəndəsinin təyin olunması, Dubay şəhərinə təşkil edilmiş ixrac missiyası, habelə hər iki ölkədə baş tutan sərgilərdə qarşılıqlı iştirak ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrindəki əməkdaşlığa öz töhfəsini verməkdədir.