Universitetlər üçün əlavə qazanc mənbəyi, yoxsa ali təhsili əl çatan edən amil?


Digərləri 28 Noy 2018 23:24:00 268 0

Universitetlər üçün əlavə qazanc mənbəyi, yoxsa ali təhsili əl çatan edən amil?

Ali təhsil müəssisələrinə hazırlıq qrupları açmaq səlahiyyətinin verilməsi birmənalı qarşılanmır 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Təhsil Nazirliyinin (TN) müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunacaq.

Trend-in məlumatına görə, bu məsələ "Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili" qaydalarında öz əksini tapıb. Qaydalara əsasən, hazırlıq qruplarında təhsil əyani formada aparılır. Tədris ili 2 semestrdən ibarətdir və oktyabr ayının 1-də başlayır. Hər semestrdə 15 həftə nəzəri tədris üçün, birinci semestrin sonunda 2 həftə tələbələrin biliyinin aralıq qiymətləndirilməsi üçün, ikinci semestrin sonunda isə 2 həftə buraxılış imtahanları üçün nəzərdə tutulur. Birinci semestrin sonunda tələbələrin biliyinin qiymətləndirilməsi və tədrisin keyfiyyətinin monitorinqi məqsədi ilə ali təhsil müəssisələri tərəfindən aralıq imtahanları keçirilir. Aralıq imtahanlarının nəticələrindən asılı olmayaraq, tələbələr ali təhsil müəssisəsinin hazırlıq qruplarından xaric olunmur və təhsillərini tədris ilinin sonunadək davam etdirirlər. Aralıq imtahanları qaydalara uyğun olaraq keçirilən tələbə qəbulu imtahanlarına müvafiq formada təşkil edilir. Tələbə ali təhsil müəssisəsinin intizam qaydalarını kobud şəkildə pozduqda və ya tədris aparıldığı semestrdə fənlər üzrə ayrılmış ümumi saatların 25 faizindən çoxunda iştirak etmədikdə, ali təhsil müəssisəsinin hazırlıq qrupundan xaric olunur.

Keçid ballarını DİM müəyyən edəcək   Hazırlıq qrupları qaydalarla müəyyən olunmuş ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə formalaşdırılır və hər qrupda tələbələrin sayı 20 nəfərdən çox olmamalıdır. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədris olunan fənlər üzrə qrup birləşmələrinə icazə verilmir. Hazırlıq qruplarında ixtisaslar üzrə tələbə qəbulu Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Qaydalara əsasən, müsabiqənin nəticələri elan olunduqdan sonra TN-nin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan edilir, ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlər tərəfindən ixtisas seçimi həyata keçirilir və Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqə yolu ilə yerləşdirilmə aparılır. Onlar barədə məlumat "Tələbə-Məzun" dövlət elektron məlumat sisteminə daxil edilir. Hazırlıq qruplarına keçid balları nazirliklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyən edilir.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hazırlıq qruplarında tədris bitdikdən sonra ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunmayan tələbələr barədə "Tələbə-Məzun" dövlət elektron məlumat sistemində müvafiq qeyd aparılır. 

Ümidsiz abituriyentlərin köməyinə 1 illik hazırlıq qrupları gələcək

Məlumat üçün qeyd edək ki, ali məktəblərə qəbul olunmağa imkan verəcək hazırlıq qrupları bütün ali təhsil müəssisələrində yaradılmayacaq. Ali məktəblərdə bakalavriat səviyyəsində birillik hazırlıq qrupları yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə təşkil olunacaq. Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, ötən il, yəni 2017- ci il qəbul imtahanlarında iştirak edən abituriyentlərin 50.6 faizi 200 baldan yuxarı nəticə göstərib. Bu isə o anlama gəlir ki, yerdə qalan 49.4 faiz abituriyentin ali təhsil almaq imkanları məhdudlaşıb. Amma belə ümidsiz abituriyentlərin köməyinə ali məktəblərin nəzdində fəaliyyət göstərəcək 1 illik hazırlıq qrupları gələcək. Təhsil haqqında qanuna edilən dəyişiklikdən sonra ödənişli qrupların yaradılması nəzərdə tutulub. Hazırlıq qruplarına keçid balını keçməmiş, aşağı nəticə göstərərək ixtisas seçimində iştirak etməyən abituriyentlər qəbul ediləcək.