“Azərxalça”nın Qazax filialında keyfiyyətli və gözəl xalçalar toxunur (FOTO)


Digərləri 28 Noy 2018 11:20:09 314 0

“Azərxalça”nın Qazax filialında keyfiyyətli və gözəl xalçalar toxunur (FOTO)

Qazax-Borçalı bölgəsində ağır çəkili, uzun, lakin yumşaq və parlaq xovlu, müxtəlif ölçülü və sadə kompozisiyalı xalçalar toxunub.

Bakı. Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biri də Qazax-Borçalı bölgəsidir. Ona görə də bu bölgənin xalçaçılığı ayrıca xalça qrupu kimi səciyyələndirilib. Trend-in məlumatına görə, Qazax-Borçalı bölgəsində ağır çəkili, uzun, lakin yumşaq və parlaq xovlu, müxtəlif ölçülü və sadə kompozisiyalı xalçalar toxunub. Bu qrupa aid olan xalçaları dünyada məşhurlaşdıran onların qədimliyi, bədii quruluşunun sabitliyidir. Onların kompozisiya quruluşunda əsrlər boyunca formalaşmış mücərrəd, həndəsi, stilizə edilmiş naxışlar üstünlük təşkil edir. Bölgədə toxunan “Namazlıq”lar beynəlxalq ekspertlər tərəfindən tarixiliyinə, unikal tərtibatına, zəngin naxışlarına görə hər zaman yüksək qiymətləndirilib. Hər naxışı duyğular palitrası olan, keçmişimizdən xəbər verən Qazax-Borçalı xalçaları zəngin mədəniyyətimizin, xalq təfəkkürünün məhsuludur. Bu xalçaların yaşadılması, gələcək nəsillərə ərməğan edilməsi vacib məsələlərdən biridir. Odur ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti bu bölgədə üç filial yaradıb. Onlardan biri də Qazax rayonundadır. Bu filial 2017-ci ilin sonlarında fəaliyyətə başlayıb. Hazırda burada 87 toxucu çalışır. İnzibati-texniki heyətlə birlikdə filial işçilərinin sayı 100 nəfərdir. Ötən dövrdə xalça istehsalı emalatxanasında 107 xalça toxunub. Filialda toxucular üçün müasir iş şəraiti yaradılıb. Xalça istehsalı emalatxanası zəruri xammal və ləvazimatlarla, işçilərin işə rahat gediş-gəlişi üçün avtobusla təmin edilib. Filialın direktoru Nazim İbrahimov deyir ki, Qazax xalçaçılığa üstün istiqamət verilən bölgələrimizdən biridir. Burada xalçaları “gəbə” deyə əzizləyirlər. Bölgədə hər xalçanın toxunuşu el bayramına, mühüm hadisəyə çevrilir. Qazaxın Abbasbəyli, Ağköynək, Daş Salahlı, Canalı, Cəfərli, Çaylı, Xanlıqlar, Kosalar, Qazaxbəyli kəndlərində “Ulduzlu Qazax”, “Qarayazı”, “Qaraqoyunlu”, “Ləmbəli”, “Faxralı”, “Çəlikli”, “Karvansara”, “Qaraçöp”, “Çərxi-fələk”, “Namazlıq” kimi xovlu, kilim, palaz, vərni, şəddə, zili kimi xovsuz xalçalar toxunub. Filialda çalışan toxucular məhz bu kəndlərin və Qazax şəhərinin sakinləridir. Burada ərsəyə gətirilən xalçalar isə Qazaxın qədim çeşniləri əsasında toxunur. Filialda indiyədək toxuduğumuz ən böyük xalça 24 kvadratmetrlik xalçadır. Onu emalatxananın gənc işçiləri toxuyublar. Filialda işləyən toxucuların əksəriyyəti gənclərdir. Onlar bu sənətin sirlərinə dərindən yiyənlənməyə çalışırlar. Təcrübəli toxucularımız isə gənclərə xalça toxumağı öyrətmək üçün əllərindən gələni əsirgəmirlər.