"Azərbaycanda plastik torbaların istifadəsinin qadağan olunması nəzərdə tutulur"


Digərləri 28 Noy 2018 10:24:00 219 0

"Azərbaycanda plastik torbaların istifadəsinin qadağan olunması nəzərdə tutulur"

Son.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji marifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyevanın report-a müsahibəsini təqdim edir:

- Plastik tullantıların zərəri çoxdurmu?

- Plastik qablaşdırma tullantıları, xüsusən də polietilen torbalar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir.

Bu günədək istehsal olunan plastik qablaşdırma məhsullarının 50%-i son 20-25 il ərzində istehsal olunub. Bu sahədə vəziyyəti mürəkkəbləşdirən amillərdən biri də plastik tullantıların təbiətdə 100 illər ərzində parçalanmadan ilbəil miqdarının artmasıdır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti və sututarları çirkləndirir. Eyni zamanda, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafına və bununla da məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Digər tərəfdən, bu tullantılar yanan zaman əmələ gələn toksiki tüstü atmosfer havasını zəhərləyir.

Odur ki, plastik tullantıların təbiətə neqativ təsirlərinin aradan qaldırılması ətraf mühitin sağlamlaşdırılması sahəsində prioritet hesab olunur.

- Dünyada vəziyyət necədir?

- Bəzi Avropa ölkələrində, məsələn, Hollandiya, Sloveniya, Çexiya, Slovakiya, Polşa, İsveç, Finlandiya, Latviya, Litvada ildə adambaşına 10-19 kq plastik tullantı əmələ gəlir.

Bir çox inkişaf etmiş ölkələrdə plastik qablaşdırıcılardan istifadənin azaldılması və ya qadağa olunması istiqamətində müvafiq qanunvericilik bazası yaradılıb. Müxtəlif iqtisadi mexanizmlərdən istifadə edilməklə plastik tullantıların toplanılması, təkrar emalı sisteminin təkmilləşdirilməsi işləri aparılır.

Məsələn, 1994-cü ildə Danimarkada ticarət müəssisələrində pulsuz polietilen torbaların paylanmasına vergi tətbiq olunub. Danimarkada plastik torbalar ödənişli ediləndən sonra alıcılar arasında ona təlabat 90% azalıb. İrlandiyada plastik torbaların qiyməti artdıqdan sonra bu məhsula tələbat 94% azalıb. Latviyada polietilen paketlərdən istifadəni azaltmaq üçün onlara vergi tətbiq olunur. İtaliyada 2011-ci ildən yüngül çəkili plastik torbaların istifadəsinə qadağa qoyulub. Bu plastik torba istehlakının 50% azalmasına gətirib çıxarmışdır.