Qarabasmalardan camaat necə qazanc əldə edir?


Digərləri 27 Noy 2018 23:35:00 289 0

Qarabasmalardan camaat necə qazanc əldə edir?

Birdən anladım ki, mənə kabus kimi baxırlar - günahsız insanların qəlbinə yiyələnən "Duppy" adlı kinli Yamayka kabusu kimi.

Arxaya baxan güzgüdən gördüm ki, qorxudan bozarmış bir insan yola 5-6 çınqıl atıb sürətlə aradan çıxır.

Haşiyə: kabuslara, ruhlara, mələklərə və digər növ qarabasmalara mən inanmıram, lakin eyni zamanda anlayıram ki, çoxları bunu reallıq sayır.

Duppy-nin nə olduğunu haradan bildiyimi soruşmasanız yaxşıdır. Yamayka folkloruna əsasən, onlar təkcə insan qəlbinə yiyələnmir, odur ki, onlara rast gəlməsən yaxşıdır.

Onların rəngi solğun olur (çünki pis bir insanın ruhundan söhbət gedir), hər şeyi bilmək istəyirlər və yalnız üçədək saya bilirlər. Məhz buna görə də çınqıllar onlarla rastlaşan adamın köməyinə gəlir.

Dupy-nin qabağına 5-6 çınqıl atanda, o, bunun nə olduğu ilə maraqlanır, başlayır saymağa - bir, iki, üç ... yox, təzədən - və beləcə, təkrar-təkrar çınqılları saymaqda davam edəndə, onun potensial qurbanı yaranmış fürsətdən istifadə edib sağ-salamat həmin yerdən qaça bilər.

Yamaykada maşında səyahət edərkən, növbəti təpəyə çatanda bir kənd sakininin mənə tərəf gəldiyini gördüm.

Bu ucqar yerlərdə xaricilər olmur. Birdən-birə ətrafa maraqla baxan, solğun rəngli insanı görəndə, həmin kəndli, çox güman ki, məni həmin o kinli Duppy-yə bənzətmişdi.

O birdən əlindəki çınqıl daşları yola ataraq işıq sürətilə harasa qeyb oldu.

Mən isə yolumu davam etdirdim və öz xarici görünüşümlə həmin insanı istəmədən qorxutduğum üçün təəssüf hissi keçirdim

Biz inanmırıq, amma ümumiyyətlə inanırıq

Xəyallar, elflər, məleykələr, trollar və digər cisimsiz varlıqlardan söhbət düşəndə çox vaxt insanlar bir-birinə zidd şeylər danışır.

Bir neçə il əvvəl İslandiyada bir sorğu aparılıb.

Birinci sual belə olub: "Siz ruhlara, trollara və elflərə inanırsanmı?" Soruşulanların 70 faizi "yox" cavabı verib.

Sonra fərqli mövzularda suallar verilib və axırıncı sualda yenidən birinci sualın mövzusuna qayıdış olub: "Dostlarınızdan kimsə sizə desə ki, kabuz, elf və ya trol görüb, onlara inanarsınızmı?" Bu dəfə respondentlərin 70 faizi - eyni adamlar"hə" cavabı verib.

Tavandakı ayaqlar

İnsanlar belə əhvalatları xoşlayırlar.

Oxford-dakı kollecimdə guya bir kabus yaşayırdı - Reformasiya dövründə edam olunmuş bir yepiskopun, guya, ruhu idi.

Deyilənə görə, guya, sağlığında bütün vaxtını kollecin kitabxanasında keçirərmiş - və guya, indiyə qədər oralarda onun ruhu dolaşır və tələbələri vahiməyə salır. Çünki, ötən yüzilliklər müddətində kitabxananın döşəməsinin səviyyəsi təxminən 25 sm hündürlüyündə qalxıb və deyilənə görə, indi kitabxananın altında yerləşən birinci mərtəbədə yaşayan tələbələr hərdən bir tavanın altında harasa yeriyən kabuslu ayaqlar görürlər.

Britaniyalı tələbələrin yaxşıca içki içmək həvəskarı olmalarının bu əhvalatlara əlbəttə ki, heç bir aidiyyəti yoxdur.

Deyildiyinə görə, BBC Ümumdünya Xidmətinin əvvəllər yerləşdiyi, Londonun Bush House binasında Rus xidmətinin otağının qonşuluğunda yerləşən yardımçı pilləkəndə yaşlı qadının kabusu gəzib-dolaşırmış.

Həmkar əməkdaşlar iddia edirdilər ki, otaqdakı avadanlıq düz gecəyarısı öz-özünə işə düşməyə başlayırdı. Bilmirəm, görməmişəm, inanmıram, lakin gözəl bir hekayədir.

Təcavüzkar kabus

Günlərin bir günü Cape Town-a qohumlarımı ziyarət etməyə yollandım.

Yanvar ayı idi, yay mövsümünün ortası - odur ki, eyvanda döşəyin üstündə yatırdım.

Səhər gələn bağban çox təəccüblənib mənə dedi ki, belə yatmaq çox təhlükəlidir çünki mənə "tokoloşe" hücum edə bilər.

Tokoloşe - alçaqboylu və çox kinli bir kabusdur.

Gecələr o, çarpayının altından çıxıb yuxuya gedən qadın və ya kişini zorlayır.

Amma həmin bu kabusun boyu balaca olduğundan o, hündür ayaqlı yatağa dırmaşa bilmir.

Döşəmənin üstündə döşəkdə yatanın isə tokoloşenin qurbanına çevrilməsi ehtimalı çox böyükdür.

Amma mənə, deyəsən, oralarda hücum edən olmadı.

Qazanc

İnsanların sadəlövh olduğunu düşünüb gülümsəyirsinizsə, hazırda bazar iqtisadiyyatı şəraitində yaşadığımızı da yada salın.

Çünki kabuslardan qazanc əldə edənlər var. Söhbət falçı, ovsunçu və sehrbazlardan getmir. Bu, ən yaxşı halda folklordur və burada böyük pullar dolaşmır.

Söhbət çox hörmətli adamlardan gedir.

Götürək, misal üçün, yepiskopları.