Beş ildən sonra "süni Günəş" enerjisi hasil oluna bilər


Digərləri 26 Noy 2018 23:59:00 350 0

Beş ildən sonra "süni Günəş" enerjisi hasil oluna bilər

Bəşəriyyət beş ildən sonra miniatür reaktorlar vasitəsilə "süni Günəş" enerjisindən istifadə edə bilər. Söhbət ucuz və ekoloji cəhətdən təmiz enerji mənbəyi olacaq istilik-nüvə reaktorlarından gedir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hazırda istifadə etdiyimiz karbohidrogen yanacaqların səbəb olduğu qlobal istiləşmə şəraitində dayanıqlı alternativ enerji mənbələrinə ehtiyac duyulur. Alimlərin fikrincə, bu mənbələrin olmaması gələcəkdə su və ərzaq çatışmazlığı, aclıq və müharibələrə səbəb ola bilər. Bu problemin həllinin yeganə yolu isə istilik-nüvə sintezləridir. Energetika üzrə ekspertlərin şübhə ilə yanaşdıqları bu enerji mənbəyi, bəzi startapların bildirdiyinə görə, beş ildən sonra reallığa çevrilə bilər.

Kanadanın "General Fusion" şirkətinin direktoru Kristofer Mouri əmindir ki, göstərilən müddətdə Günəş planetində olduğu kimi, Yerdə də xüsusi qurğularla atomun parçalanması yolu ilə enerji əldə etmək mümkün olacaq. Onun sözlərinə görə, hazırda atom parçalarının iki hidrogen izotopunun - deyteriy və tritiyin birləşməsi prosesi üçün böyük həcmdə enerji tələb olunur. Hasil olunacaq enerji bundan daha az olduğundan, hələlik istilik-nüvə reaktorları sərfəli deyil.

Oksforddakı Kebl kollecinin professoru Ueyd Ellison əlavə edib: "XXI əsrin texnologiyaları istilik-nüvə reaktorlarını təkmilləşdirməyə imkan verir. Yeganə əngəl nəzəriyyənin praktikaya tətbiqidir. Biz dəqiq vaxtı əminliklə söyləyə bilmərik, amma əsas elmi-nəzəri məsələlər həllini tapıb. İndi materiallarla bağlı texniki problemlər yoluna qoyulmalıdır".

U.Ellisonun qənaətinə görə, əsas problem reaktorun yüksək təzyiqə davam gətirəcək və olduqca qızmar plazmanı əriməkdən qoruyacaq qabığının düzəldilməsidir. Yerin orbitinə qayıdan kosmik gəmilərdə olduğu kimi, bu reaktor da ən yüksək temperatura davam gətirməlidir. Həmçinin, avtomatik xidmət və təkrar enerji sistemlərinin quraşdırılmasına da ehtiyac var. Bunun üçün Böyük Britaniyanın Atom Enerjisi Agentliyində yeni tədqiqat mərkəzi yaradılır.